Siyası Online Qəzet

İki Şəhid Milli Qəhrəmanın Şəhadət Günü

Bu gün Azərbaycanın iki Şəhid Milli Qəhrəmanının şəhadət günüdür.

 

Yusif Əli oğlu  Mirzəyev 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. Orta təhsilini İ.Səfərli adına 1 saylı məktəbdə aldıqdan sonra Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.

Yusif Mirzəyev 1988-ci illərdə Xalq Hərəkatına qoşulub, daha sonra isə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 nəfərlik dəstəsi ilə Ağdərə rayonunun 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.

1993-cü il fevralın 19-da Ağdərə rayonu uğrunda gedən qızğın döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub.

Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Yusif Vəli oğlu Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ailəli idi, bir övladı yadigar qaldı.

 

Vəzir İsa oğlu Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya gəlib. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub.

Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak edib. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də alıb.

Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alan Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.

1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Vəzir İsa oğlu Sədiyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq hər iki qəhrəmanımızın ailələrinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ