Siyası Online Qəzet

Milli qəhrəmanlarımızın doğum günü

Bu gün Milli Qəhrəman Quliyev Mirzə Məcid oğlunun doğum günüdür.

 

O,11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra  Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir.

1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

 Mirzə Quliyev Füzuli, Ağdam,Tərtər və Ağdərə rayonları uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərmiş, düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdir.

Azərbaycan Respublika Prezidenti tərəfindən Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” , “İgidliyə görə” medalı ilə təltif edilmiş və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Mirzə Quliyev  Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş, Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir.

2003-cü ildə Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili təyin edilmişdir.

İndi isə həmin bölmədə kapitan rütbəsində Cinayət Axtarışı Üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində öz işini davam etdirir.

Ailəlidir. Bir övladı var.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi adından qəhrəmanımızı təbrik edirik, ona işlərində uğurlar və can sağlığı arzulayırıq.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ