Siyası Online Qəzet

Şəhid polkovnikin mövludu

Bu gün Vətən müharibəsinin iştirakçısı, şəhid polkovnik Babək Səmidlinin doğum günüdür.

Babək Səmidli  Mətləb oğlu 7 yanvar 1974-cü ildə Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı  Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və döyüşü idarə edənlərdən biri olub. Onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.

O, 2020-ci ilin noyabrın 23-də minaya düşərək şəhidlik zirvəsinə ucalıb və Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

İki oğul övladı yadigar qaldı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ