Siyası Online Qəzet

Leyla Əliyeva “Ürəkdən ürəyə” konsertində iştirak edib

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən ürəyə” adlı konsert keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub. “Ürəkdən ürəyə” adlı konsertdə Leyla Əliyeva da iştirak edib.

“Report” bu barədə “Media.az”a istinadən xəbər verir.

Pianoçu və bəstəkar Ruslan Ağababayev, musiqiçilər Elvin Bəşirov və Ruslan Hüseynov qonaqlara şou-proqram təqdim ediblər. Leyla Əliyevanın yaradıcılığından ilhamlanan bəstəkar onun şeirlərinə musiqi bəstələyib.

Yeri gəlmişkən, R.Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-də təhsilini davam etdirərək Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredic kimi məşhur caz musiqiçilərindən dərs alıb.

Tədbirin xüsusi qonaqları Prezident təqaüdçüsü, skripkaçı Ceyla Seyidova, estrada, caz ifaçısı və Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə, həmçinin Kubadan olan, ölkəmizdə yaşayan qonaq Yansel Kastellon olub.

Konsertdən bir müddət əvvəl isə Uşaq Mərkəzində gənc rəssamların sərgisi keçirilib. Burada Azərbaycan Rəssamlıq Akademiyasının, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbələrinin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvlərinin və uşaq evinin sakinlərinin əsərləri nümayiş etdirilib.

Sərgidə Bakıya, İçərişəhərin dar küçələrinə, doğma Azərbaycan təbiətinin mənzərələrinə, işğaldan azad edilmiş Qarabağa, xüsusən də gözəl Şuşaya, Xankəndiyə həsr olunmuş əsərləri görmək olardı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənc istedadların əsərlərinə baxıb, hər bir rəssama diqqət ayırıb, hər bir qonaqla söhbətləşib, onları tərifləyib, yaradıcılıqlarına davam etməyə çağırıb.

Sərgini ziyarət edən sənətsevərlər müxtəlif üslub və janrlarda çəkilmiş rəsmlərə zövqlə izləyiblər. Yaşlarının az olmasına baxmayaraq, rəssamların hər biri əsərlərinin mənasını və onlarla bağlı ismarışları qonaqlara çatdıra biliblər.

“Burada təqdim olunan əsərlər əsasən Vətənimizin mənzərəli təbiətinə, tarixi yerlərinə həsr olunub”, – “Media.Az”a açıqlamasında sərginin təşkilatçılarından biri olan Vasif Nəcəfzadə deyib.

Onun sözlərinə görə, sərgidə linoqravüra texnikası ilə hazırlanmış əsərlər də yer alıb.

“Sərgidə gənc, çox istedadlı və perspektivli rəssamların – Aydan Nəbizadə, Fatimə Fərmanova, Əminə Camaləddinova və bir çox başqalarının əsərləri təqdim olunur”, – o əlavə edib.

Qeyd edək ki, gənc rəssam Ə.Camaləddinova Azərbaycan Rəssamlıq Akademiyasının I kurs tələbəsidir. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən gənc rəssam düz 6 ildir ki, rəssamlıqla məşğuldur.

“Əsərlərimdə mənzərəli yerlərə üstünlük verirəm. Sərgidə Vətənimizin gözəl guşəsi olan Quba rayonunun gözəlliyini əks etdirən rəsm əsərini təqdim etdim”, – o qeyd edib.

Gənc istedadlı rəssam Qənirə Xəlilova isə 11 yaşından incəsənətin bu növü ilə məşğuldur. Onun peşəkar təhsili yoxdur və hər şeyi özü öyrənib.

“Özümü yaradıcılıq prosesində tapıram. Bu yolla dincəlir və bundan zövq alıram. Rəsm çəkməklə sanki reallıqdan uzaqlaşıram. Sərgidə isə qarlı mənzərənin əks olunduğu rəsm əsəri təqdim etdim”, – gənc rəssam deyib.