Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Azərbaycanın Şəhid Milli Qəhrəmanı Vəzir Orucovun mövludundan daha bir il ötür.

Vəzir Orucov Surxay oğlu 1956-cı ilin 26 dekabrında Tərtər rayonunda doğulub. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu.

1974-cü ildə məktəbi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna qəbul olunur. Bir il sonra hərbi xidmətə çağırılır və 1977-ci ildə ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirir.

1984-cü ildə Vəzir Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə işləməyə gedir. Elə həmin şəhərdə də ailə qurur və bir oğlu dünyaya gəlir. Ailəsi ilə birgə 10 ilə yaxın Rusiyada yaşayır.

1992-ci ilin fevral ayında Ermənistan ordusu Xocalıda soyqırım törədir. Onlarla azərbaycanlı, qadın, uşaq, qoca, hətta körpələr belə qətlə yetirilir.

Vəzir Orucov da həmin hadisədən təsirlənir və döyüşlərə qatılmaq üçün Azərbaycana qayıdır. Ölkəyə qayıdan Vəzir Orucov qısa müddət sonra müharibəyə qatılmaq üçün icazə alır. Döyüşə başladığı ilk gün 4 erməni hərbçisini öldürür, birini isə əsir götürür.

Qarabağda göstərdiyi şücaətlərə görə, bir müddət sonra kəşfiyyat qrupu ona həvalə olunur. Erməni hərbi birləşmələrinə qarşı bir çox əməliyyatlarda iştirak edir və düşmənin çox sayda canlı qüvvəsini məhv edir.

1992-ci ilin 29 iyununda səhər saat 4-5 radələrində Levonarx – Həsənqaya əməliyyatı başlayır. Vəzir Orucov kəşfiyyat qrupu ilə birgə xüsusi tapşırığı yerinə yetirmək üçün hərəkətə keçir. Həmin döyüşdə 87 düşmən əsgəri məhv edilir və əməliyyat uğurla başa çatdırılır. Ümumilikdə isə 1 aya yaxın davam edən döyüşlər, iyul ayının 4-dən 5-nə keçən gecə Ağdərənin azad edilməsi ilə başa çatır.

Vəzir döyüşlərdən birində ayağından yaralanır. Vəzirin qardaşı Dadaş Orucov həmin günləri belə xatırlayır:

“Vəzir dedi ki, məni döyüş yoldaşlarımla eyni xəstəxanaya göndərmə. İstəmirəm, mənim döyüşçülərim ağrı çəkdiyimi görsünlər. Ancaq yavaş-yavaş sağalmağa başlayırdı, hələ ayağa qalxmamışdı. Elə həmin vaxtlarda dedilər ki, balaca qardaşınız Əlyar da yaralanıb”. Vəzir bunu eşidəndə ilk dəfə ayağa qalxır. Hospitaldan çıxır və evinə qayıdır. Müalicəsinə ailəsinin yanında davam edir. Bu vaxtlarda Vəzirin yoxluğundan istifadə edən erməni hərbçiləri Ağdərəyə hücum edərək oranı işğal edir. Bunu eşidən Vəzir hələ tam sağalmamış yenidən batalyona qayıdır və döyüşlərə başlayır.

Vəzirin sonuncu döyüşü Ağdərə rayonunun “Qlobus” yüksəkliyi uğrunda olur. 22 mart 1993-cü ildə başlayan həmin döyüşdə Vəzir mövqeyini dəyişdiyi vaxtda erməni snayperi tərəfindən vurularaq şəhid edilir.

Vəzir Orucov Bakıda Şəhidlər Xiyabanında dəfn edildi.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Vəzir Orucov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

Ailəli idi, Camal adlı oğlu var.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ