Siyası Online Qəzet

Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirildi                                  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirdilər.

Mərkəzi Kitabxananın baş kitabxanaçısı Gülnarə Cəlilova tədbir iştirakçılarını salamladı və torpaqlarımızın düşmən tapdağından azad  olunmasında canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova çıxış edərək bildirdi ki, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunmasının üçüncü ildönümüdür. Müzəffər ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə misli görünməmiş bir Zəfər idi. Bu Zəfər düşməni kapitulyasiya aktı imzalamağa vadar etdi və bunun sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları azad olundu.

Məktəbin tarix müəllimi  Şölə Qayıbova  vurğuladı ki, işğal olmuş rayonlardan əhalisinin sayına görə Ağdam, ərazi baxımından isə Kəlbəcər ən böyük rayonlar sayılır. Gözəlliyi, muğamı, tarixi ilə məhşur olan Ağdam şəhəri düşmən tərəfindən işğala məruz qalaraq dağıdılmışdı. Kəlbəcər rayonunun mərkəzi, 150-yə yaxın kəndi, onlarca tarixi-mədəniyyət abidələri, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilmişdi.

Tədbirdə məktəbin kitabxana müdiri Səbinə Abbasova işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq işlərindən, dagıdılmış abidə və məbədlərin bərpası üçün planlardan danışdı.

Tədbirin sonunda A.İ.Məmmədov adına 38 №-li tam orta məktəbin  9c sinif şagirdlərindən  Aydan Rüstəmli “Azərbaycan, yurdum mənim“, Xanım Məhərrəmzadə “Vətən oğlu” şeirlərini söylədilər.