Siyası Online Qəzet

Millət vəkili YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib

Bu gün Cənubi Qafqazın ən boyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının təsis olunmasından otuz bir il ötür.  31 il öncə yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirib, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev deyib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” .Ümummilli Liderimizin hələ 31 il öncə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oyanayacağı rolu böyük uzaq görənliklə qiymətləndirib. YAP-ın Azərbaycanın davamlı, dinamik inkişafındakı mühüm yeri və rolu Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. 2003-cü ildən bu inkişaf Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir.

 

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.  Bu baxımdan partiyanın VII Qurultayının  yeni tarixi mərhələnin əsasını qoyduğunu deyə bilərik. 5 mart 2021-ci il tarixində keçirilmiş Qurultayda cənab Prezidentin dediyi bu sözlər partiyanın ölkənin siyasi həyatında gələcəkdə də mühüm rol oynayacağını deməyə əsas veririr: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

 

T.Cəfərova qeyd edib: “Xatırladaq ki, YAP-ın Sədri, Prezident İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxışı zamanı əldə edilən uğurları, aparılan hərtərəfli islahatlardan danışaraq, gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident İlham Əliyev ötən illərdə həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirmişdi”. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir

 

Əməkdaşlığa daim açıq olan YAP partiyalar arası siyasi dialoqu stimullaşdırmalıdırır deyən millət vəkili bildirib ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, iqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahəsində bir çox mühüm nailiyyətlər əldə olunmuşdur. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib.

Əlbəttə, qazanılmış bütün bu uğurların mənbəyində iqtidar-xalq birliyi, həmrəyliyi dayanır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir;

Şübhəsiz ki, Yeni Azərpaycan Partiyası ötən illər ərzində həm üzvlərinin sayına, həm də həyata keçirdiyi çoxşaxəli siyasi fəaliyyətinə görə nəinki Azərbaycanın, hətda Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edir, siyasi fəaliyyətlərində uğurlar arzulayıram. Millət vəkili Tamam Cəfərova belə deyib.