“Milli Dirçəliş Günü dövlətçiliyimizin möhkəmlənməsi baxımdan önəmlidir”
“Ötən əsrin sonu sovet sisteminin dağıması ilə yadda qaldı. Bu müddətdə SSRİ-nin tərkibindəki xalqların bir çoxu öz milli azadlıqlarına qovuşmaq üçün mücadilə etmişlər. Bu baxımdan 1988-ci ilin 17 noyabrından Azərbaycanda da xalq hərəkatı güclənmiş, müstəqillik uğurunda mübarizə başlanmışdır. Baxmayaraq ki, bu, xalqımız üçün asan olmamış, qırğınlara, soyqırımına məruz qalmışdır. Amma nəticədə müstəqil Azərbaycan dövləti yaradılmışdır”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova deyib ki, müstəqil dövlətimizi ayaqda saxlamaq, struktur vəziyyətə gətirmək, yaşatmaq ən mühüm məsələ idi: “Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Dahi rəhbər bu yola Naxçıvandan başlamışdır. 1991-ci ilin noyabrın 17-də məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə dövlət bayrağı ilaraq qəbul edilib. Bundan sonra Dövlət Bayarğı təntənəli şəkildə iclas zalına gətirilmişdir. Bu gün müasir Azərbaycanın tarixinə Milli Dirçəliş Günü olaraq düşmüşdür. Həmin tarixi gün dövlətçiliyimizin möhkəmlənməsi, milli ideologiyamızın formalaşması baxımdan önəmlidir”.
QHT sədri deyib ki, Ulu Öndər dövlət bayrağımız ətrafında xalqı toplamaq, dövlətçilik şüurunu inkişaf etirmək üçün bu addımı atmışdır: “Bununla milli azadlıq hərəkatı müstəqil dövlətçilik yolunda davam etmişdir. Bu da dahi rəhbərin uzun illərin dövlətçilik təcrübəsinin, uzaqgörənliyinin nəticəsi olaraq özünü göstərmişdir. Bu qürurverici haldır ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur”.