Siyası Online Qəzet

Tahir Mirkişili: 2024-cü ildə qlobal iqtisadi artımın 2,1-2,9 faiz arasında olması gözlənilir

Beynəlxalq təşkilatların proqnozuna əsasən, 2024-cü ildə qlobal iqtisadi artımın 2,1-2,9 faiz arasında olması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7 faiz azalaraq 80,6 ABŞ dolları təşkil edib, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma, eyni zamanda, Yaxın Şərqdə baş verən hadisələr fonunda tamamilə fərqli səhnə ilə üzləşəcəyimiz də istisna deyil.

“Beynəlxalq təşkilatların hesablamarına əsasən, növbəti ildə sərt monitor siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır. Bu proqnozlara görə, qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6,9 faiz, 2024-cü ildə isə 5,8 faiz olacağı proqnozlaşdılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monitor siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ehtimal edilir”, – deyə komitə sədri vurğulayıb.

Tahir Mirkişili qeyd edib ki, eyni zamanda, 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1 faiz olacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici 14,5 faizdir.