Siyası Online Qəzet

Xankəndində Qələbəmizin təntənəsi

Prezident İlham Əliyev: “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin”

Noyabrın 8-də Azərbaycanın Zəfər Günün 3-cü ildönümünün Xankəndində paradla qeyd edilməsi növbəti Qələbəmizin təntənəsi idi. 5 qitədə yaşayan soydaşlarımız bu paradı çox böyük qürur hissi iə izlədilər. Bu paradla həm də bir daha Qarabağ üzərində qələbəmizi dünyaya sübut etmiş olduq. Həmin gün şəhidlərin ruhunun şad olduğu gün idi. Şəhidlərin valideynlərinin, yaxınlarının, ümumiyyətlə, dünya azərbaycanlılarının bir təsknliyi var idi ki, ərazi bütövlüyümüz uğurunda canlarını fəda edələrin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşməndən öz qisasını aldı. Məhz buna görə də parada başlamamışdan öncə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Prezident İlham Əliyev paraddakı çıxışında xüsusi olaraq qeyd etdi ki, bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur: “Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”.

Vətən müharibəsi günlərində  “Dəmir yumruq” milli birliyin və gücün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Azərbaycan xalqının bu milli həmrəyliyi Ali Baş Komandan çıxışında belə səciyyələndirdi: “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”.

Azərbaycan 3 il ərzində ordusunu gündən-günə gücləndirirdi. Ermənilərin istənilən terror və separatçı əməllərinə cavab verilirdi. Sentyabrın 19-da isə antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bu haqda Ali Baş Komandan bildirdi ki, sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi: “Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi”. Xatırladaq ki, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.  Hazırda Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Yeri gəlmişkən, paradda Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi başlayıb. Silahlı Qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəliləyiblər. Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunub.

Prezident İlham Əliyevin dediyi kimi bizə yeni müharibə lazım deyil: “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik”. Bu icra olunan vəzifə tarixə düşdü. Bu Qələbə Azərbaycan tarixinin şanlı səhifəsinə yazıldı. Artıq ərazi bütövlüyü təmin edilmiş tam Azərbaycan vətəndaşıyıq. Buna görə biz Ali Baş Komandanımız, Şəhidlərimiz və Ordumuzla fəxr edirik.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu