Park Bulvarda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
8 noyabr 2023-cü ildə Park Bulvar ticarət mərkəzində Park Bulvarın dəstəyi və Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı və İdeya müəllifi Məhsəti Hüseynovanın rəhbərliyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri açıq elan edən Park Bulvar AVM Marketinq şöbəsinin bölmə rəisi Lamiyə Hüseynova hər kəsin Zəfər bayramını təbrik etdi, Zəfər Bayramını ticarət mərkəzinə gələnlərlə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə etdi.
Daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək 44 günlük müharibədə şəhid və qazilərin qəhrəmanlığından danışdı.
Sonra İdeya müəllifi və layihə rəhbəri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru, təşkilatçı Məhsəti Hüseynova Bayramı təbrik edərək bu kimi tədbirlərin uşaq, yeniyetmə və gənclər arasında çox mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Tədbirdə bayrağımızın rənglərində -göy, qırmızı, yaşıl geyimlərdə olan komanda 44 günlük qəhrəmanlıq salnaməmizi əks etdirən şəkillərlə flaşmob aksiyası şəklində-canlı səyyar sərgi təşkil edildi. Komanda Park Bulvar ticarət mərkəzinin bütün mərtəbələri boyunca gəzərək ticarət mərkəzinə gələn sakinlər və şəhərimizin qonaqlarına sərgini nümayiş etdirdilər. Bununla yanaşı konsert proqramı bir-birindən maraqlı gənc ifaçıların vətənpərvərlik mahnıları və Aysu Hüseynovanın rəhbərliyi ilə “Zəfər” Rəqs qrupunun ifasında rəqslərlə 2 saat davam etdi. Hər kəsə Azərbaycan Dövlət Bayraqları hədiyyə olundu. Sona qədər maraqla izlənən tədbir-konsert proqramı yüksək vətənpərvərlik coşqusu ilə qarşılandı və qonaqların marağına səbəb oldu.