“Mənə sevgidən danış” kitabının təqdimatı keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynovun “Mənə sevgidən danış” şeirlər kitabının təqdimatı və müəlliflə görüş keçirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq qonaqları salamladı və 23 saat 43 dəqiqə davam edən uğurlu antiterror əməliyyatı nəticəsində bütöv Qarabağın azad olunmasından danışaraq bu böyük Zəfərlə tədbir iştirakçılarını təbrik etdi. O qeyd etdi ki, xalqımıza bu Zəfəri yaşadan, 32 il erməni işğalı altında qalan torpaqlarımızın azad olunması yolunda özlərini od-alov içinə atan, Vətən uğrunda canlarını qurban verən şəhididlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Sonra o, şair haqqında qısa məlumat verdi və vurğuladı ki, Qadir Hüseynov 1500-dən çox şeirin müəllifidir. Qadir Hüseynovu sevgi, məhəbbət şairi adlandırmaq olar. Şair ilk şeirini 3-cü sinifdə oxuyaraq yazmışdı və onu nənəsinə həsr etmişdi. Onun əsərlərinin əsas mövzusu ülvi sevgi və saf, ülvü məhəbbətdir. Bundan başqa, şairin Vətənə, şəhidlərə, Qarabağa, dostluğa, yoldaşlığa, anaya həsr olunmuş şeirləri də az deyil. Bu şeirlərinin bir qismi yenicə işığ üzü görmüş “Mənə sevgidən danış” kitabında toplanmışdır. Şairin bu kitabı oxucularımız tərəfindən sevə-sevə oxunur. Şairin “Vətəni qoruyur Vətən övladı” şeiri oxucuların böyük sevgisini qazanmışdır.
Şairin sinif yoldaşı, müəllim Bariqəm Şirəliyev Qadir Hüseynov haqqında maraqlı məlumatlar verdi. O qeyd etdi ki, biz Vahid Orucovla birgə “Məzunlar birliyi”nin həmsədriyik, Qadir müəllim də o birliyin üzvüdür. Qadir müəllim elə gənç yaşlarından uşaq sevgisindən, ata, ana məhəbbətindən, dostluqdan şeirlər yazırdı. Biz o şeirləri sevə-sevə oxuyurduq. Qadir müəllimin şeirlərini sosial şəbəkələrdə, qrupumuzda paylaşırıq. Yaxın dost kimi şairə yeni-yeni kitablarının işıq üzü görməyini arzulayıram.
Hüquqşünas, Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vahid Orucov çıxışında qeyd etdi ki, biz mürəkkəb dövrdə yaşayırıq, təmənnasız iş görən insanlar azdır, dəyərlər dəyişib. Dostluğa o qədər də önəm verilmir. Qadir müəllim bizim sinif yoldaşımızdır və biz əsl dostluqdur. Uşaqlıqdan tərbiyəli, istedadlı, qabiliyyətli olub. Məktəbin də sevimlisi olub. Sevgi mövzusu onun daimi ünvanıdır. Arada romantik hisslərdən ayrılıb başqa təzadlı mövzularda da yazır və sonra yenidən öz ünvanına qayıdır. Bəzən istedadlı insanlara diqqət yetirilməyəndə o istedad üzə çıxmır, istedadın üzə çıxmasına köməklik lazımdır. Qadir müəllim sosial şəbəkədə də çox fəaldır. Arzu edirəm ki, onun ikinci kitabı da işıq üzü görsün. Məhəmməd Füzulinin dediyi kimi, Qadir həmişə aşiqanədir.
Yazıçı-publisist, şair, Mərkəzi Kitabxananın Fəxri oxucusu Sevinc Ağa Xəlilqızı qeyd etdi ki, dostluğu hər insanda görmək olmur. İstedadlı insanlarımız çoxdur. İndi elə bir dövrdə yaşayırıq ki, istedadlı adamların əlindən tutmaq, onlara kömək etmək böyük işdir. Məhəmməd Füzuli deyir ki, söz ağızda hünər xəzinəsidir. Qadir müəllim də bu xəzinənin sahibidir. Mən Qadir müəllimin şeirlərini pətəkdən axan bala bənzədirəm. Mən onun şeirlərini özündən xəbərsiz “Sevgi yelkəni” romanıma salmışam. Qadir müəllim çox sadə ziyalıdır. O, Qadir Hüseynovun “Sən hər kəs kimi deyilsən axı” şeirini söylədi. Qələbəmizin 3 illiyi gəlir. Belə ərənləri olan Azərbaycanın kürəyi yerə dəyməz. Hər bir ərən Azərbaycanın qürur mənbəyidir. Sevinc Ağa Xəlilqızı çıxışını Azərbaycana həsr etdiyi şeiri ilə bitirdi.
Yasamal rayon MKS-nin direktor müavini Könül Vəliyeva şairə təşəkkür edərək qeyd etdi ki, onun şeirləri çox gözəldir, qəlbin dərinliyinə sirayət edir. O vurğuladı ki, şairin “Ata” şeirini dinləyəndə çox kövrəldi. Çıxışının sonunda şairə yaradıcılıq uğurları arzuladı.
Şair Qadir Hüseynov tədbir iştirakçılarına dərin minnətdatlığını bildirdi. O, torpaqlarımızı geri qaytarmaq üçün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza və qazilərimizə Allahdan şəfa dilədi. Təqdimatda mənim bir çox şeirlərim səsləndirildi, məktəblilər çıxış edəndə isə çox kövrəldim, onlar gözəl çıxış etdilər. Çıxışının sonunda şair yeni yazdığı “Bu gün mən sizə qonaq gəlmişəm” şeirini tədbir iştirakçılarına ərmağan etdi.
Tədbirin bədii hissəsində Arzu Xudayarovanın, Aynur Babayevanın, Səidə Rəcəbovanın, İradə Hüseynovanın, Hilanə Babayevanın, Dəniz Vətəninin ifasında Qadir Hüseynovun çoxsaylı şeirləri səsləndirildi.
Kitabxananın oxucuları, 158 №-li tam orta məktəbin şagirdləri İbadət Niftizadə və Sücayət Kərimzadə şairin şeirlərini səsləndirdilər.
İ.İbrahimov adına 167 №-li tam orta məktəbin şagirdləri Seyidzəhra Cəfərova, Fərhad Ağayev, Ayla Həmidova, Elmira Qurbanova və Fidan Şıxəlizadə “Gözəl Vətən” və “Qələbə” mahnılarını ifa etdilər. Bədii rəhbər, məktəbin musiqi müəllimi Aynurə Quliyevadır.
Təqdimatda şair Qadir Hüseynova həsr olunmuş videoçarx nümayiş olundu.
Şair Qadir Hüseynli kitabxanaya yeni kitablarını hədiyyə etdi.
Kitabxana tərəfindən şairə görkəmli şairimiz, xalq şairi Rəsul Rzanın beş cildlik kitabları hədiyyə edildi.