Siyası Online Qəzet

Şəhid Vüsal Babayevin anım günü qeyd olundu

Vətən müharibəsi qəhrəmanı, baş leytenant Vüsal Babayevin şəhadətə ucalmağının üçüncü ildönümü qeyd olundu.

Yasamal rayon MKS-inin X.B.Natəvan adına  4 №-li kitabxana filialının müdiri Aynur Babayeva  şəhidin ildönümü ilə bağlı Fəxri  Xiyabanda tədbir təşkil etdi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhidin məzarı ziyarət olundu. Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Kitabxana filialının müdiri, şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva V.Babayevin Vətənə, torpağa olan sevgisindən söhbət açdı.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışlarında hər zaman şəhid ailələrinin yanında olduqlarını, onlara  dəstəklərini əsirgəmədiklərini  bildirdilər.

Tədbirdə iştirak edən məktəblilər vətənpərvərlik və şəhidlik  mövzusunda şeirlər söylədilər.

Sonda şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzüldü.