Azərbaycan-Ermənistan sülhü: Bakının yeni təkliflər paketi nəyə hesablanıb?
“Brüssel görüşü ərəfəsi Bakının İrəvana sülh sazişilə bağlı növbəti təkliflər paketi göndərməsi danışıqların daha səmərəli keçməsinə şərait yaratdılmasına hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan XİN-in İrəvanın Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketini alması barədə məlumatını şərh edərkən deyib.
Fərhad Məmmədov bildirib ki, 19-20 sentyabr lokal anti-terror tədbirlərindən sonra sülh müqaviləsi ilə bağlı gedən danışıqlarda köklü dəyişikliklər ola bilər:
“Bu da Qarabağ ermənilərilə bağlı olan məsələlərdir. Çünki Ermənistan tərəfi və onu dəstəkləyən qüvvələr sülh sazişində Qarabağ erməniləri haqqında xüsusi bəndin olmasını da arzulayırdılar. Azərbaycan tərəfi də bildirmişdi ki, anti-terror tədbirlərindən sonra əsas maneə yığışdırılıb. Bu mənada düşünürəm ki, böyük sülh görüşü planlaşdırılırsa, Brüssel görüşündən öncə Bakının sözügedən məsələ ilə bağlı öz təkliflərini İrəvana yollaması danışıqların daha predmetli olması ilə bağlıdır. Yəni açıq məsələlər qalmasın. Çünki vəziyyət dəyişib və bu amil də danışıqlarda özünü nümayiş etdirməlidir”.
Ekspert qeyd edib ki, Brüssel görüşündən öncə belə hadisələrin baş verməsi həmin görüşün daha səmərəli keçməsinə şərait yaradır:
“Tərəflər görüşdən öncə öz məqsəd və niyyətlərini bir-birinə nə qədər çox açıqlasalar, daha çox vaxt udmuş olarlar. Sülh sazişi ilə bağlı Bakı öz təkliflərini yollayıbsa, burada əsas məqsəd Brüssel görüşündə vaxtı daha səmərəli istiqamətdə istifadə etməyə hesablanıb. Yəni sülh sazişi ətrafında baxışlarımızı artıq nümayiş etdiririk”.
Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə İrəvanın Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi aldığını deyib.