“Savadlı cəmiyyət üçün ən vacib amil təhsilli qadınlardı” – Ekspert
“Son illər orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələrin 60 faizindən çoxu qadınlardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır:
“Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadınlar bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir. 2019-2020-ci tədris ilində orta ixtisas təhsil müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri – 66,3 faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013-2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib. Hesab edirəm ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların sahib olduğu təhsil səviyyəsidir”.
Kamran Əsədov qeyd edib ki, qadın haqlarının qorunması yolunda müəyyən addımlar atılarsa, cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik:
“Qadınların, qızların təhsil alması çox vacib amildir. Belə ki, son zamanlar genetik tədqiqatlarda uşaqlara zəka geninin atadan deyil, anadan keçdiyi aşkar edilib. Genetik tədqiqatlarla yanaşı, uşaqların təhsil və zəkası üzərində ananın və ya atanın təsir dərəcəsi haqqında tədqiqat aparan başqa bir elm sahəsi də ekonometrikadır. Bir sıra ekonometrik tədqiqatların nəticələrinə görə, uşaqların zəkası (IQ) və təhsil səviyyəsi üzərində, ananın zəkası (IQ) və təhsil səviyyəsi atanın zəkası və təhsil səviyyəsindən daha çox təsirə malikdir. Aparıılan tədqiqatların nəticələrdən görünür ki, hər iki valideynin təhsil səviyyəsi uşağın təhsili üzərində müsbət təsirə malikdir. Ancaq uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri daha çoxdur”.
Kamran Əsədov hesab edir ki, qadınların təhsilə cəlb olunması üçün onlara təhsil haqqında güzəştlər edilməli, digər təhsil alma formaları tətbiq etmək lazımdır:
“Əgər onlar əyani təhsilə cəlb oluna bilmirlərsə qiyabi, distant təhsilə cəlb etməklə qadınların təhsil alma faizini yüksəltmək olar”.
Qeyd edək ki, Azərbaycanda təhsil alan qadınların statistikası açıqlanlb. Statistikada 2022-2023- cü illərdə 111 583 qadının, 2021-2022-ci illərdə 104 678 qadının, 2015-ci ildə 78 662 qadının, 2010- cu ildə 65 112 qadının təhsil aldığı qeyd olunub.