Siyası Online Qəzet

Banklar bağlanır – Bu, ölkədəki daşınmaz əmlak bazarına necə təsir edəcək?

“Bir bankın bağlanması daşınmaz əmlak bazarında ciddi qiymət artımına səbəb olmur”.

Bunu Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bağlanan bankların ölkənin daşınmaz əmlak bazarına təsirləri haqqında danışarkən deyib.

Elnur Fərzəliyev deyib ki, ölkədə bir bankın bağlanması ilk dəfə deyil, dəfələrlə müxtəlif bankların lisenziyası ləğv olunub və bağlanıb:

“Azərbaycanla digər ölkələri müqayisə etsək, banklara ən etibarsız yanaşan ölkəyik. Bu baxımdan daşınmaz əmlak bazarı nəinki bank sektoru, hətta digər sahələr içində ən etibarlısıdır. Bunun da bir çox səbəbləri var. Çünki daşınmaz əmlak bazarında cüzi olsa da, hər ay artımlar baş verir. Bir əmlak alan şəxs onu yaşamaq üçün deyil, kapital üçün alırsa, kirayə verir və gəlir götürür. Həmin əmlakı bir müddət sonra satanda yenə qazancla çıxır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda alıcılar müxtəlif kateqoriyalara bölünür:

“İlk mənzilini alanlar daha çox mənzil kreditinə müraciət edənlərdir. Əvvəlki illərdə nağd alıcılar daha çox idi, indi isə kreditlə mənzil alanların sayı çoxalıb. 2022-ci ildə çıxarışla satılan mənzillərin təxminən 60-65 faizi kreditli vasitələrlə – ipoteka, bank daxili və yaxud digər kredit növləri ilə satılıb.

Bəzi şəxslər bu evləri yatırım üçün alırlar. Onlar əlavə kapitallarını daşınmaz əmlaka yatırırlar. Təxminən 20 ilin statistikasına baxsaq, 2003-2023-cü illərdə bəzi ərazilərdə evlərin qiyməti 10, 15, 20 dəfəyə qədər artıb. Məsələn, təxminən 2033-cü ildə Elmlər Akademiyası metrosunun qarşısında bir otaqlı “Xuruşovka” layihəli mənzilin qiyməti 4000-5000 manat arasında dəyişirdi. Hazırda həmin ərazidə bir otaqlı “Xuruşovka” orta hesabla 100 min manatdır. Qiymətlərdə illər ərzində bu qədər artım baş verib.

Ancaq 20 il ərzində heç bir bank vətəndaşa bu qədər gəlir gətirə bilməzdi. Hətta həmin mənzili aldığın gündən 300-400 manata kirayə verirsənsə, daha çox qazanmış olursan”.

Həmsöhbətimizin fikrincə, bu bazarda qiymətlərin artmasının səbəblərdən biri etibarlı sahə kimi marağın çox olmasıdır:

“Təəssüflər olsun ki, Azərbaycanda əmlak sektoru Bakı, Sumqayıt, Xırdalan, Gəncə və digər böyük şəhərlərdə inkişaf edib. Bölgələrdə isə vəziyyət ürəkaçan deyil. Bəzi ucqar kəndlər var ki, vətəndaşlar öz evlərini yüksək qiymətə sata bilmirlər. Bakı həm də regionda ən böyük şəhərlərdən biri olduğuna görə bura axın çoxdur. Bağlanan banklardan pulunu çıxaran vətəndaş vəsaitini başqa banka yox, daşınmaz əmlaka yatırır. Ona görə də bazarda alıcı kütləsi artır. Bir bankın bağlanması ölkədə ciddi qiymət artımına gətirib çıxartmır. Alıcıların sayını arıtırır. Bəzi ekonom mənzillərdə isə qısa vaxta tələb artanda qiymətlərə cüzi təsir edə bilir. Amma kütləvi hal almır. Qiymətlər hazırda həddindən çox artıb, ona görə də nağd qiymətə mənzil almaq hər kəs üçün əlçatan deyil”.

Qeyd edək ki, ötən gün mərkəzi bank “Muğan Bank”ın lisenziyasını ləğv edib. Bundan əvvəl isə ölkədə daha bir bank – “Günay Bank”ın lisenziyası ləğv olunmuşdu.