Bakıda “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfrans keçirilib – FOTOLAR
CASCFEN tərəfindən bu mövzuda keçirilən beynəlxalq konfransda Ümummilli Liderin türk dünyası qarşısında tarixi xidmətlərindən bəhs edilib
Vetenqehremanlari.az xəbər verir ki, oktyabrın 19-da “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində eyniadlı beynəlxalq konfrans keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirildikdən sonra konfransı layihə rəhbəri, CASCFEN-in sədri Nadir Azəri giriş sözü ilə açaraq Azərbaycanda ictimai sektora, QHT-lərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin sözügedən layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.
Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxışına davam edən N.Azəri vurğulayıb ki, bu günlərdə Azərbaycan xalqı tarixi günlərə şahidlik edir: “Heç şübhəsiz ki, ölkəmizin hər bir uğuru, Qələbəsi bütün türk dünyasını sevindirir. Çünki bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri nəticəsində qoyulub”.
Videofilmin nümayişindən sonra Milli Məclisin Mədəniyyət komitəsinin əməkdaşı, layihə üzrə ekspert Əkbər Qoşalı Ulu Öndərin türk dünyasının birliyinin yaranmasında və inkişafında tarixi xidmətlərini vurğulayıb.
Qeyd edib ki, iyulun 1-dən noyabrın 1-dək reallaşdırılan bu layihə gələcək nəsillərə Ulu Öndərin tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır.
Ə.Qoşalı əlavə edib ki, layihə çərçivəsində mövzu ilə əlaqədar məktəblilər və gənclər arasında rəsm müsabiqəsi keçirilib, türk dünyasının tanınmış ictima-siyasi xadimlərinin Ulu Öndər Heydər Əliyev haqqında fikirlərinin əks olunduğu beş məqalə hazırlanaraq Azərbaycnada və digər türk dövlətlərinda saytlarda dərc edilib.
Sonra çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) keçmiş xarici işlər naziri Kudret Özersay, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Ulu Öndər Heydər Əliyevin türk dünyasının birliyi naminə misilsiz tarixi xidmətlərini xüsusi vurğulayıblar.
UNEC-in dekanı Prof. Dr. Mehmet Yücenin moderatorluğu ilə işini panel iclası şəklində davam etdirən konfransda çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Azər Həsrət, konfransın xüsusi qonağı, Türkiyənin tanınmış elm xadimi, Professor Ramazan Taşdurmaz, qardaş ölkənin Bakıdakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi Yücel Karauz və digərləri mövzu ətrafında fikirlərini bildiriblər.
Konfransda, həmçinin Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin professoru Alper Özmenin, Qazaxıstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Nəsihə Gumarqızının videoçıxışları nümayiş etdirilib.
Konfransın sonunda “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı və onlara xatirə hədiyyələri təqdim edilib.
Eyni zamanda, təşkilatın işinə verdikləri yaxından dəstəyə və türk dünyasına xidmətlərinə görə Türkiyədən və Azərbaycandan olan bir neçə tanınmış şəxsə CASCFEN-nin təşəkkür plaketi təqidm edilib.