Siyası Online Qəzet

Rusiya sülhməramlıları Qarabağı nə vaxt tərk edəcək? – ŞƏRH

“Moskva üçün Cənubi Qafqazda qalmaq önəmlidir”.

Vetenqehremanlari.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Taleh Əliyev “Qarabağdakı postlarını bir-bir bağlayan Rusiyanın sülhməramlıları Qarabağdan nə vaxt tam çıxara bilər” sualına cavab verərkən deyib.

Taleh Əliyev deyib ki, rus sülhməramlıları Qarabağa Azərbaycanın burada yaşayan erməni əsilli vətəndaşları ilə digər vətəndaşları arasında hər hansı bir qarşıdurmanın baş verməməsi səbəbilə yerləşdirilmişdi:

“Erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı bir günlük lokal antiterror tədbiri nəticəsində qondarma rejimin özünü buraxması ilə Qarabağdakı erməni icmasının əksəriyyəti könüllü olaraq Azərbaycan ərazisini tərk etdi. Bundan sonra təbii ki, Rusiya sülhməramlı qüvvələrinin missiyası bitmiş hesab edilir. Rusiya prezidenti Vladimir Putin sülhməramlılar məsələsinin Bakı ilə müzakirə edilib qərar veriləcəyini deyib. Amma bununla belə, Rusiya prezidentinin və XİN sözçüləri 2025-ci ilə qədər Rusiya sülhməramlıların Qarabağda qalmasının əsaslarını mücərrəd anlayışlarla izah etməyə çalışıblar”.

Ekspert qeyd edib ki, Moskva üçün Cənubi Qafqazda qalmaq önəmlidir:

“Ermənilərin kütləvi köçündən sonra Rusiya anladı ki, ən azından 2025-ci ilədək müddətdə rus sülhməramlılarının Azərbaycanda qalması yalnız Bakı ilə aparılan danışıqlar formatında mümkündür. Rus sülhməramlılarının Qarabağda qalması üçün heç bir siyasi-hüquqi, psixoloji əsas qalmayıb. Yəqin ki, Rusiya hansısa formada Azərbaycanla nəyinsə bazarlığını etdikdən sonra Qarabağı tərk edəcək”.

Qeyd edək ki, Qarabağda Rusiya sülhməramlıalrına məxsus bir sıra postlar artıq bağıanıb. Amma buna baxmayaraq, rus sülhməramlıları hələ də bölgədə qalmaqdadırlar. 10 noyabr bəyannaməsinə görə həmin qüvvələrin Qarabağda qalma müddəti 2025-ci ilə qədərdir. Lakin son proseslərdən sonra artıq həmin qüvvələrə ehtiyac qalmır.