Siyası Online Qəzet

Ədliyyə naziri Gürcüstan prezidentini cinayət təqibi ilə hədələdi

Gürcüstanda prezident Salome Zurabişviliyə qarşı təhqiqatlar başlana bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Onun sözlərinə görə, dövlət başçısının bundan sonrakı hərəkətlərində cinayət faktı aşkar edilərsə, istintaq başlanacaq:

“Əgər kimsə cinayət törədirsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozduğuna qərar verib. Şəxsən mən ədliyyə naziri kimi çox təəssüflənirəm ki, dövlət başçısı tərəfindən konstitusiyanı pozması faktı artıq üzə çıxıb”.

O əlavə edib ki, Gürcüstan prezidentinin mümkün cinayət təqibinin digər təfərrüatları respublika prokurorluğunun nümayəndələrindən soruşulmalıdır.

Qeyd edək ki, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Partiya bu qərarını prezidentin dövlətin əsas qanununu pozması ilə izah edib. Hakim partiyaya görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması konstitusiya pozuntusudur.

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin qanunu pozması işi üzrə qərarını açıqlayıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. Eyni zamanda impiçmentin həyata keçirilməsi üçün təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin səsi tələb olunurdu.

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Zurabişvilinin impiçmenti məsələsinə baxılıb. İclasda hakim partiyanın sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib: “Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”.

İclasda iştirak edən Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.

Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib.