Bakı Tibb Kollecində ailə dəyərləri ilə bağlı maarifləndirici tədbir keçirillib
Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 17.10.2023-cü il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsinin icrasını 1 nömrəli Bakı Tibb Kollecində davam etdirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizin təbliğ edilməsinin zəruriliyi layihə iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri sonra sözü mühazirəçi Professor və tanınmış pedaqoq Fərahim Sadıqova verdi. Fərahim müəllim tədbir iştirakçılarına keçmişdən günümüzə milli ailə dəyərlərimiz, adət-ənənələrimiz haqqında geniş və dolğun məlumat verdi. Gənclərə milli adət-ənələrimizə dair Nizamidən, Nəsirəddin Tusidən, Füzulidən və s. dahilərimizdən maraqlı sitatlar gətirdi. Mühazirəçi tədbir iştirakçılarının suallarını da geniş və ətraflı cavablandırdı. Tədbirin sonunda layihə rəhbəri bir daha QHT-lərə Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Layihə rəhbəri həmçinin 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyevaya və layihə iştirakçılarına öz təşəkkürünü bildirdi. Eldəniz Salmanov qeyd etdi ki, növbəti tədbirimiz 21.10.2023-cü il tarixində universitet tələbələri ilə həyata keçiriləcək.