Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan üç il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan sentyabrın 4-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.