Siyası Online Qəzet

“Rusiya elitası Kiyevin Qərbə inteqrasiyasını həzm edə bilmir” – Politoloq

“Rusiyanın hərbi müdaxiləsinin nəticəsidir ki, Ukrayna bu gün NATO və Avropa İttifaqına inteqrasiya olunmuş vəziyyətdədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya prezidenti Vladimir Putinin Ukraynanın bloklara qoşulmamasını özü üçün son dərəcə vacib hesab etdiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Putinin bu açıqlaması əslində məğlub duruma düşmüş Rusiyanın Ukrayna cəbhəsindəki uğursuzluğuna bəraət qazandırmağa hesablanmış addımdır:

“Həmin açıqlamada Putin qeyd edir ki, 1991-ci ildə NATO tərəfdaşları şərqə doğru irəliləməyəcəklərini desə də, bunun əksi baş verdi. Lakin həmin dövrdə Rusiya buna mane ola bilmədi. Ukraynaya gəlincə, bu ərazinin Moskva üçün itirilməsi əslində Rusiyanın imperiya ambissiyalarının üzərindən xətt çəkilməsinə anlamına gəlir. Ona görə də Putin başda olmaqla Rusiya elitası Kiyevin Qərbə inteqrasiyasını həzm edə bilmir. Bunun səbəbi olaraq da, Rusiya 2014-cü ildə Krımı və Donetsklə Luqans vilayətinin bir hissəsini işğal etdi. Lakin bu vəziyyətin Kiyevi Qərbə inteqrasiya yolundan çəkindirmədiyini görüncə, Kreml bu dəfə açıq müharibə taktikasına üstünlük verdi”.

Ekspert qeyd edib ki, Rusiyanın iki ilə yaxın apardığı müharibəyə rəğmən onlar Kiyevi bloklara qoşulmaq siyasətindən nəinki çəkindirə bildilər, əksinə Qərbin maddi, mənəvi, informatik, xüsusən də hərbi dəstəyilə Ukraynanın daha sürətlə NATO-ya doğru inteqrasiyasına səbəb oldular:

“Deməli, Rusiyanın Ukraynanı bloklardan çəkindirmək üçün apardığı müharibə iflasa uğrayıb. Bu həm də onu göstərir ki, Moskvanın Ukraynaya hərbi müdaxiləsi kökündən yanlış olub. Onun nəticəsidir ki, Ukrayna demək olar artıq NATO və Avropa İttifaqına inteqrasiya olunmuş vəziyyətdədir”.

Qeyd edək ki, Putin Çin Media Korporasiyasına müsahibəsində Kremlin Ukraynanın bloklara qoşulmamasını özü üçün son dərəcə vacib hesab etdiyini bildirib. Putin deyib ki, bir ölkənin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq mümkün deyil:

“Biz dedik ki, bəzi dövlətlərin təhlükəsizliyi başqalarının təhlükəsizliyini pozmaq əsasında qurula bilməz. Təhlükəsizlik hamı üçün eyni olmalıdır. Bu baxımdan, Ukraynanın bloklardan kənar xarakteri bizim üçün son dərəcə vacibdir”.