Siyası Online Qəzet

MOSSAD İsraildə “Əl-Cəzirə” jurnalistlərinə qadağa qoyulmasını tələb etdi

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD hökumətə Qətərdə yerləşən və İsraildə yayımlanan “Əl-Cəzirə” televiziya şirkətinin jurnalistlərinin ölkədə fəaliyyətinə qadağa qoymağı tövsiyə edib.

Bu barədə Qaynarinfo Newsru.co.il-ə istinadən xəbər verir.

MOSSAD-ın bu tövsiyəsi bir gün əvvəl ölkədə fövqəladə vəziyyətlə bağlı qərarı hökumətə təqdim edən İsrailin rabitə naziri Şomo Karainin təşəbbüsündən sonra verilib. Belə tövsiyə “Əl-Cəzirə”nin İsraildəki ofislərinin bağlanmasına icazə verir.

Təl-Əviv bu televiziya şirkətini HƏMAS terror qruplaşması ilə əməkdaşlıqda ittiham edir.

Kan Hadashot xəbər xidmətinin məlumatına görə, MOSSAD “Əl-Cəzirə”nin İsrail Müdafiə Qüvvələrinin yerləşməsi barədə məlumatı açıqlamasını təsdiqləyən məlumatları təqdim edib.

İsrail Xarici İşlər Nazirliyi də bu televiziya şirkətinin fəaliyyətini məhdudlaşdırmaq üçün bu addımı təsdiqləyir. Eyni zamanda, nazirlik reputasiyanın mümkün mənfi nəticələrini qeyd edir.

Nəşr həmçinin göstərir ki, İsrail hökumətinin mətbuat bürosu ərəb dilində yayımlanan media nümayəndələrinin mətbuat vəsiqələrindən məhrum edilməsini və ingilis dilində yayımlayan jurnalistlərin isə vəsiqələrin saxlanılmasını dəstəkləyir.

Bu məsələ bu gün, oktyabrın 16-da İsrail hökumətinin iclasında müzakirə olunacaq.

Müvafiq qərar qəbul olunarsa, “Əl-Cəzirə”nin İsraildəki ofisləri bağlanacaq, avadanlıqlar müsadirə olunacaq, jurnalistlər vəsiqələrindən məhrum ediləcək. Qətər vətəndaşları da daxil olmaqla xarici ölkə vətəndaşlarının ölkədən çıxarılması ehtimalı var.

Bundan əlavə, “Əl-Cəzirə”nin İsrailin çoxkanallı televiziya platformalarında yayımı dayandırılacaq.

Qeyd edək ki, “Əl-Cəzirə”nin İsraildə 30-a yaxın əməkdaşı var. Onların əksəriyyəti İsrail vətəndaşlarıdır.

Bundan əvvəl xəbər verilib ki, bu yaxınlarda Livanda İsrailin raket hücumu nəticəsində “Reuters”in videooperatoru öldürülüb. “Əl-Cəzirə” və AFP də daxil olmaqla daha altı jurnalist yaralanıb.