Siyası Online Qəzet

DYP əməkdaşlarına hirsləndi, yolu bağladı, həbs olundu

Baş Dövlət Yol Polis İdarəsi əməkdaşlarının cərimə protokoluna etiraz əlaməti olaraq Bakı-Sumqayıt şossesində yolu bağlayan sürücü həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 12 oktyabr 1981-ci il tarixdə Naxçıvanın Şərur şəhərində doğulmuş Zaur Camalov (ad-soyad şərti) idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin arxa nömrə nişanının mövcud standartlara cavab verməməsi səbəbindən DYP əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs tətbiq edilmiş cərimədən narazı qalıb və polisləri videoya çəkib. Onlara qarşı kobud şəkildə öz narazılığını bildirərək, yolun hərəkət istiqamətində dayanmaqla tıxac yaranmasına səbəb olub.

Bundan sonra Zaur Camalov polis əməkdaşları tərəfindən saxlanılaraq, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılıb və barəsində İnzibati Xətlar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibat xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Zaur Camalov 8 gün müddətə inzibati həbs olunub.