Azərbaycanla Ruminiya arasında dostluq və əməkdaşlığın qurulmasında Heydər Əliyevin rolu
Heydər Əliyev: “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur”
Rumıniya qədim Avropa ölkəsidir. Bu ölkənin qədim tarixə malik çoxəsrlik gözəl ənənələri var. Azərbaycan-Rumıniya münasibətlərinin tarixi isə Orta əsrlərdən başlayır. Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu münasibətlər Səfəvilərin hakimiyyəti illərində də davam edib. Tarixin müxtəlif dövrlərində bu münasibətlər daha da inkişaf edib. Azərbaycan və Rumıniya müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Rumıniya xüsusi əhəmiyət kəsb edir. Rəsmi məlumatlara görə, Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib: “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər. Rumıniya öz neft ilə xüsusən daha yaxşı tanınmışdır. Qədim neft ölkəsi kimi Azərbaycan dünyanın neft istehsal edilmiş bölgələri ilə həmişə bağlı olmuşdur. Elə bunun özü də bizi Rumıniya ilə bağlayır. Bir çox Azərbaycan neftçiləri, alimləri, mühəndisləri, texnikləri, mütəxəssisləri 50-60-cı illərdə Piteşti rayonunda Rumıniyanın neft yataqlarının işlənməsində iştirak edərək, rumın xalqına öz ölkəsinin inkişafında dostluq köməyi göstərmişlər.
Azərbaycan neftçiləri, eləcə də Azərbaycan mədəniyyətinin, elm və incəsənətinin nümayəndələri rumıniyalı həmkarları ilə sıx əlaqə saxlamışlar. Rumıniyada onlar həmişə qonaqpərvərlik görmüş, qardaşcasına dostluq hissləri, qarşılıqlı yardım hissləri duymuşlar. Buna görə də bu gün tam əsasla qeyd edə bilərik ki, Rumıniya və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq münasibətlərinin öz tarixi var”.
Ümummilli lider Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Ulu Öndər Heydər Əliyevin bu səfəri iki ölkə arasında gələcək əməkdaşlıq və daha sıx münasibətlərin yaradılmasında mühüm rol oynayıb. 1995-ci il Rumıniya ilə Azərbaycan arasında dialoqun başlanğıc ili olub. Səfər zamanı imzalanan mühüm sənədlər gələcək əməkdaşq üçün bünövrə qoyub.
Heydər Əliyev Rumıniya ictimaiyyətini əmin etmişdir ki, ölkəmiz Rumıniya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə və inkişafına, sıx qarşılıqlı əlaqələrin qrulmasına çalışacaq. Onu da qeyd edək ki, 2004-cü ilin oktyabrında Rumıniyanın paytaxtı Buxarestdə görkəmli siyasi xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə abidə ucaldılıb. 2007-ci ilin sentyabrında isə burada Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Bütün bunlar Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının və dostluq münasibətlərinin parlaq təzahürü hesab olunur. 100 illik yubileyi ilində də Heydər Əliyev Rumıniya ictimaiyyəti və dövlət xadimləri tərəfidən böyük ehtiramla yad edilir. Bakıda martin 12-də Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irisi” adlı tədbirdə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesk da iştirak edib. Emil Konstantinesk təbirdə çıxışında deyib ki, Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı. O, Heydər Əliyevin irsi barədə danışarkən “mənim Prezident Heydər Əliyevlə görüşüm 1997-ci ildə İstanbulda oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında görüşdük” – deyib.
Keçmiş prezident xatırladıb ki, həmin iclasda vacib təşəbbüslər müzakirə olunub: “Heydər Əliyev vizyonlu lider idi. O, aktiv və təşəbbüskar idi”.
O deyib ki, Azərbaycan da sovet irsi olaraq münaqişə ilə üzləşmişdi: “Prezident Əliyev münaqişələrin sülh, danışıqlar və siyasi yolla həlli üçün çalışırdı. Prezident Əliyev və mən ikitərəfli münasibətlərimizin üzərində çalışırdıq, ölkələrimizin bir-birinə təklif edəcəyi çox şey var idi. Azərbaycan Rumıniya üçün Şərqə qapı, Rumıniya isə Azərbaycan üçün Mərkəzi Avropaya qapı idi”.
Hazırda Rumıniya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında münasibətlər səmimi dostluq və dialoqa söykənərək uğurla inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis səviyyəsində qarşılıqlı səfərlər edilir, işgüzar görüşlər keçirlir və qarşıya qoyulmuş məqsədə çatmaq üçün əməli addımlar atılır.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent