Xaricdə təhsil almaq istəyən gənclər üçün maarifləndirici təlim keçirilib
Sentyabrın 29-da Bakının Yasamal rayonunda İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə xaricdə təhsil almaq istəyən gənclər üçün maarifləndirici təlim keçirilib. Qeyd edək ki, təlim İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma” layihəsi çərçivəsində təşkil olunub. Təlimin əsas məqsədi xaricdə təhsil almaq istəyən gənclərin düzgün maarfiləndirilməsini həyata keçirmək, internet resurslardan düzgün istifadə bacarıqlarının artırılmasıdır.
Təlimə başlamamışdan öncə İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin sədri Aytac Əzimova çıxış edərək bildirib ki, xarici ölkələrdə təhsil almaq bir çox gənclərin arzusudur: “Bu arzunu reallaşdırmaq üçün hazırda bir çox kommersiya şirkətləri öz xidmətlərini təklif edirlər ki, buna da bəzən istedadlı şagirdlərin maliyyə imkanları çatmır. Həmçinin, həmin şirkətlər bu təklifləri kommersiya məqsədləri üçün təklif etdiklərindən bəzən bu təkliflərin çatışmamazlıqları barədə məlumat verilmir. Eyni zamanda, internetdə xaricdə təqaüd proqramları ilə təhsil imkanları barədə yetərli qədər məlumat olmasına baxmayaraq bu proqramların üstünlükləri, imkanları, çətinlikləri və çatışmazlığı barədə bir çox vətəndaşlar məlumatsızdırlar. Mövcud reallığı nəzərə alaraq, bu sahədə məlumatlatlandırma tədbirlərinin aparılması zəruridir”
Sonra tanınmış təlimçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MBA proqramı və SABAH qrupları üzrə müəllimi Fəxri Məhəmmədzadə mövzu üzrə danışaraq mövcud imkanlar və risklər, o cümlədən, milli maraqlarımıza xələl gətirə biləcək hallar barədə gəncləri və valideynləri məlumatlandırıb.
Həmçinin təlimdə qonaq qismində ABŞ-da FLEX proqramı üzrə təhsil almış Nəzrin Quliyeva da iştirak edərək gənclərə öz tövsiyələrini verib.