Siyası Online Qəzet

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti Yevlax şəhərində Şəhid Emin Rüstəmovun ailəsini ziyarət edib.

 

1 oktyabr 2023-cü il tarixdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalmış Emin Rüstəmovun ailəsi ziyarət edilib. Ziyarət zamanı Şəhid Emin Rüstəmovun keçdiyi şərəfli həyat yolundan bəhs olunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəhid Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlax şəhərində anadan olub, 1999-cu ildə Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbin 1-ci sinfinə, 2009-cu ildə isə hərbi xidmətə gedib. O, 2011-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət Yevlax şəhərində yerləşən Ağdam Musiqi Məktəbində tar sinfində musiqi təhsili alıb. Bir müddət sonra həmin məktəbdə, sonra isə beton zavodunda, daha sonra isə bir neçə yerlərdə çalışıb.
Həyatın bütün çətinliklərinə sinə gərən qəhrəman Şəhidimiz Emin Rüstəmov 2019-cu ilin iyun ayından “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Nəhayət, Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi növbəti təxribatların qarşısının alınması məqsədi ilə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin imzaladığı sərəncamla əks-hücum əməliyyatı planına uyğun bütün qeyrətli Vətən oğulları kimi əlinə silah alıb qəhrəmancasına yağı düşmənin üzərinə gedib və 1 oktyabr 2020-ci il tarixdə döyüş meydanında, döyüşərək qəhrəmancasına Şəhadətə ucalıb.
Şəhid Emin Rüstəmov ailəli olub. O, 5 yaşlı oğlu Vəliyəddini və 2 yaşlı qızı mələk üzlü Nərmini özündən sonra bizlərə əbədi olaraq əmanət qoyub.
Ruhun şad olsun Şəhidim. Müqəddəs məzarın əbədi and yerimiz, böyüdüyün ocaq isə bizim üçün ziyarətkahdır. Biz nə səni, nə sənin ailəni, nə də övladlarını unutmayacağıq!

VETENQEHREMANLARI.AZ 

Mədəd Süleymanov.