Hamburqda keçirilən görüşdə bu şəhərdə Azərbaycan Evinin açılmasının zəruriliyi vurğulanıb
Almaniyanın Hamburq şəhərində “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin təsisçisi və sədri Fəridə Hicranın bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, soydaşlarımızla keçirdiyi görüşdə F. Hicran həyata keçirdiyi layihələrdən söz açaraq, bu layihələr çərçivəsində Azərbaycanın yüksək mədəniyyəti və dövlətçiliyi, eləcə də Prezident İlham Əliyevin multikultural dəyərlərə verdiyi önəmin bütün ölkələrə örnək olması barədə Avropa ictimaiyyətini məlumatlandırmasından danışıb.
Söhbət zamanı Almaniyada doğulub böyüyən gənc azərbaycanlılara ana dilinə rəğbət hissinin aşılanması, mədəniyyət və musiqimizə məhəbbətin təbliğ olunmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, bu şəhərdə gələcəkdə Azərbaycan Evinin açılması zərurətdir. Azərbaycan Evi burada yaşayan azərbaycanlıların görüş düşərgəsi olacaq. Oradakı soydaşlarımız gündəmdə olan məsələlər, eləcə də Vətəndə baş verən hadisələrlə bağlı müzakirələr apara biləcəklər. Soydaşlarımızın əsas məqsədi ermənilərin Qarabağla bağlı yerli ictimaiyyət arasında yaratdığı mifi dağıtmaq və həqiqəti təfərrüatı ilə onlara çatdırmaqdır.
Soydaşlarımız belə görüşlərin keçirilməsinin vacibliyi vurğulayıblar. Görüş iştirakçıları gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, İctimai Birlik Niderland Krallığındakı soydaşlarımız və diaspor fəalları ilə də sıx əməkdaşlıq edir.
Görüşdə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş “Qarabağda talan var” kitabından da danışılıb.