“Oğuz” İctimai Birliyi yeni layihəyə imza atdı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi növbəti layihəni uğurla başa vurub. Layihə çərçivəsində müxtəlif dövrlərin bir sıra erməni yazarlarının mənbələrində Azərbaycan tarixinə və coğrafiyasına dair iqtibaslar toplanaraq bir araya gətirilib və dilimizə tərcümə edilərək kitab şəklində nəşr edilib. Bu sırada erməni-hay yazarları Yegişenin, Favstos Buzandın yazdıqları ədəbiyyatlar, eləcə də, 1722-1736-cı illərin erməni anonim xronikası tarixçi və tədqiqatçılar tərəfindən diqqətlə incələnib, həmin qaynaqlarda olan Vətənimizlə bağlı məlumatlar toplanıb və gələcəkdə tarixçilərimizin ixtiyarına verilmək məqsədilə dilimizə tərcümə edilərək kitab halına salınıb və “Bəzi erməni mənbələrində Azərbaycan tarixinə dair iqtibaslar” adı ilə kütləvi tirajla nəşr olunub. Birliyin sədri Ceyhun Bayramlı verdiyi açıqlamada əsasən erməni Qriqorian kilsəsinin dəstəyi ilə müxtəlif dövrlərdə ərsəyə gətirilmiş çoxsaylı erməni mənbələrində Vətənimizin tarixi və coğrafiyası, eləcə də, müxtəlif tarixi şəxsiyyətlərimiz barədə hansı məlumatların yer aldığı, nələrin təhrifə uğradıldığı hər zaman bizləri düşündürüb və narahat edib. Yüz illər boyu xalqımıza qarşı sistemli fəaliyyət göstərmiş və şovinizm xəstəliyinə düçar olmuş bir toplumun istinad etdiyi əsas faktorlardan biri də məhz həmin erməni mənbələridir. Əsrlər boyu erməni-hay etnosunun maraqlarının ruporu rolunda çıxış etmiş erməni Qriqorian kilsəsinin bizlərə yönəlik məkrli niyyətlərini, tarixi saxtalaşdırmaq və ermənilərə saxta “qədim tarix” və milli ideologiya qurmaq cəhdlərini təməlli olaraq ifşa etmək üçün bu ədəbiyyatların tədqiqatçılarımız tərəfindən dərindən incələnərək araşdırılmasına ehtiyac vardır, bu baxımdan da sözügedən layihənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti böyükdür. “Oğuz” İctimai Birliyi tərəfindən başladılan iş əslində cəmiyyətimiz üçün olduqca aktual bir mövzuya nüfuz etmək, tarixçilərimizin və ictimaiyyətimizin məlumat bazasını genişləndirmək məqsədi daşıyır və gələcəkdə bu işin ardıcıl şəkildə davam etdirilməsi, digər erməni yazarlarının bizlərlə bağlı verdiyi məlumatların sistemli bir şəkildə toplanaraq saf-çürük edilib elmi ictimaiyyətin ixtiyarına verilməsi nəzərdə tutulur.