Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır – Deputatdan AÇIQLAMA
Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan sentyabrın 2-də Azərbaycana qarşı ərazi iddiasını ifadə etməklə yeni mövqe sərgiləməyib. Hər kəsə yaxşı məlumdur ki, Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edir, onun fikirlərində mütəmadi olaraq paradoksallıq müşahidə olunur.
“Xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan qondarma separatçı rejimi ayrıca subyekt kimi təqdim etməyə çalışıb. Hər zaman belə bir fikir səsləndirib ki, qondarma Dağlıq Qarabağ separatçı rejimi Azərbaycanla özü danışıqlar aparmalıdır. Bu o deməkdir ki, Paşinyan elə o vaxtdan separatçıları ayrıca müzakirə tərəfi kimi dövriyyəyə qatmaq istəyib. Mahiyyət etibarilə, Paşinyanın bu addımları separatçıların müstəqil subyektə çevrilməsinə xidmət etmək cəhdləridir”, – deyə deputat qeyd edib.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Paşinyan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü səmimi şəkildə tanımayıb. Sadəcə, ölkəmizin yaratdığı reallıqların təsiri altında bir sıra deklarativ bəyanatlar verib ki, guya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Son açıqlamasında isə separatçıların statusundan danışmaqla əsl mövqeyinin nədən ibarət olduğunu bir daha nümayiş etdirib.
Deputat deyib ki, Ermənistan heç vaxt öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalamayacaq: “Nəzərə almaq lazımdır ki, Paşinyanın sələfləri də eyni mövqedən çıxış edir, müzakirələrdə imitasiyalarla məşğul olurdular. Onlar özlərini məsələləri danışıqlar yolu ilə həll etməyə hazır kimi göstərsələr də, reallıqda tamamilə fərqli – işğalçı və təcavüzkar mövqedə tuturlar. Paşinyan da sələfləri kimi bunu hər addımda nümayiş etdirir”.
Elşad Mirbəşiroğlunun dediyinə görə, Paşinyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində hər hansı bir sənəd imzalanarsa, orada separatçı rejimin hansısa statusu öz ifadəsini tapsın. Bu həm də Paşinyanın geosiyasi oyunların aləti olduğunu göstərir. Ermənistanın baş naziri onu hakimiyyətə gətirən Qərb dairələrinin təlimatları ilə regionda gərginliyin qalmasında maraqlıdır. Yalnız bu təqdirdə həmin dairələrin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarının qalacağını başa düşür”.
Deputat əlavə edib ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü aqressivcəsinə şübhə altına alan bəyanatlar səsləndirməsi onun həm də öz fikirlərinə hörmətsiz yanaşdığını göstərir. O, heç vaxt səmimi olmayıb və bundan sonra da olmayacaq. Belə olan halda isə, Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə həyata keçirməlidir.