Su hövzələri və onlardakı bioresursları necə qorumalı?
Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev: “Daxili İşlər Nazirliyinin nəzdində Ekologiya Polisi və balıqçılığa aid ayrıca dövlət qurumu yaradılmalıdır, bu çox vacibdir, çünki Azərbaycanda sırf balıqçılıqla məşqul olan və bu işə məsul qurum yoxdur”.
Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyevdir.
– Əfqan bəy, öncə təmsil etdiyiniz qurumun fəaliyyəti barədə məlumat verərdiniz.
– Azərbaycan Balıqçılar İttifaqı (ABİ) 18 dekabr 2014-cü ildə yaranıb. ABİ-nin yaranmasında məqsədimiz ölkədə balıqçılıq idmanını inkişaf etdirmək, cəmiyyətə su hövzələrinə və onun bioresurslarını bütün dünyada oldugu kimi qorumaq, bu işə sevgi ilə yanaşmaq, balıq ehtiyatlarının artırılmasında iştirak etməyi təşviq və təblig etmək olub.
– Azərbaycanda su hövzələrinin və ətrafındakı ərazilərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
– Son zamanları nəzərə alsaq, ölkənin su hövzələrində ABİ-nin illərlə gördüyü işlər, keçirdiyi balıqçılıq turnirləri, təbiətə qaygı təbligatları nəticəsində, yerli əhalinin su hövzələrinin müdafiəsi və onun bioresurslarının qorunması və inkişafında iştirakı sevindiricidir. Bu sahədə töhfə vermək üçün ABİ olaraq ölkənin daxili su hövzələrinə xeyli balıq körpələri buraxmışıq ki, bu da yerli insanlarda, təbiətə qayğının daha da artmasına səbəb olub.
- Xəzər dənizi ilə bağlı çirkənmə və brakonyerliyin qarşısının alınması üçün hansı təklifləriniz ola bilər?
- Xəzər dənizində əsas problem sintetik tor və qadagan olmuş zaman qanunsuz balıq ovu olub. Sevindirici bir xəbəri sizinlə bölüşmək istərdim ki, bu hallara qarşı builki qədər mübarizə demək olar ki görünməmişdi. ABİ rəhbəri olaraq onu da nəzərinizə çatdırmaq istərdim ki, bu ilin aprel ayında Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin generalı Rövşən Eyyubovun təşəbüsü ilə Su Polisi İdarəsinin brakonyerliklə mübarizə və balıq ehtiyatları mühafizə bölməsinin rəisi polkovnik-leytnant Aydın Şəkərəliyevlə görüşümüz olub və brakonyerliklə mübarizədə sıx əməkdaşlıqa start verilib. Onu da deyim ki, Xəzər dənizində 1 may-1 sentyabr kürü verməyə görə qadaga müddətində aparılan mübarizədə son illərə nisbətən bu il çox ciddi yanaşma olub, buna görə şəxsən öz adımdan və 47 minlik ABİ üzvləri adından, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin rəisi cənab general Rövşən Eyyubova xüsusi təşəkkür edirəm. Bu mübarizənin və bu yöndə həyata keçirilən tədbirlərin Xəzərdə və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının artmasında böyük rolu olacagını düşünürəm.
- İndiyədək su hövzələrinin çirklənməsi hallarının aradan qaldırılması və oradakı biomüxtəlifliyin qorunması sahəsində hansı təşəbbüsləriniz, nəticələriniz olub? Bunlarla bağlı hansı nəticələr əldə etmisiniz?
- ABİ olaraq biz ölkənin bir çox daxili su hövzələrinə mütəmadi olaraq çəki körpələri buraxırıq, su hövzələrində təmizlik işləri üçün tədbirlər təşkil edirik, biomüxtəlifliyin qorunmasıda və balıqların populyasiyası üçün Xəzərə birləşən çaylarda və kollektorlarda brakonyerlər tərəfindən qurulmuş süni maneələrin aradan qaldırılmasında iştirak edirik.
- Hansı effektiv üsullar tətbiq olunmalıdır ki, su hövzələri ilə bağlı brakonyerlik halları aradan qaldırılsın?
- Brakonyerliyin və qanunsuz balıq ovunun qarşısının alınması üçün ilk növbədə, hələ də istifadə efilən sintetik torların istifadəsi aradan qaldırılımalı, bölgələrdə tok aparatlarına qarşı mübarizəni gücləndirmək, yüksək cərimələr tətbiq etmək və bütün ölkələrdə oldugu kimi, brakonyerlərin cinayətkar qismində azadlıqdan məhrum edilməsinə qədər cəzalar tətbiq edilməlidir.
- Bu sahədə hansı qurumlarla əməkdaşlıq etmisiniz?
- ABİ bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DİN Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidməti və yerli polis idarələri ilə əməkdaşlıq edir. Mənim şəxsi təklifim budur ki, gələcəkdə Azərbaycanda DİN-in Ekologiya Polisi yaransın. Bir də balıqçılığa aid bir dövlət qurumu yaradılsın ki, bu sahə inkişaf etsin, bioresurslar daha yaxşı qorunsun, bu çox vacibdir, çünki Azərbaycanda sırf balıqçılıqla məşqul olan və bu işə məsul qurum yoxdur.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.