Goranboy Yeni Ağcakənd meşəliklərinin istifadəsi və ekoloji vəziyyəti araşdırılıb
Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin iş cədvəlinə uyğun sonuncu tədbirini Goranboy Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyliyində həyata keçirtmişdir.
Layihənin icraasında məqsəd, Azərbaycan Respublikası ərazisində olan yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqların, meşə örtüyünün qorunması, mövcud meşə ərazilərinin ehtiyat potensialını yeni əkinlərlə yüksəldilməsi, meşə ərazilərindən səmərəli istifalə etməklə davamlı inkişafa nail olunması vəziyyətini monitorinqlər keçirtməklə öyrənmək, ictimaiyətin diqqətinə çatdırmaq və bununla da yaşıllıqların mühafizəsinə nəzarəti gücləndirilməkdir.
Layihə üzrə araşdırmalar əsasən dörd istiqaməüzrə aparılmışdır ki, sonuncu istiqamət mövcud meşələrdən qırılma üçün istifadə və onların yerinə yeni əkinlərin salınması, onların mühafizəsi istiqamətində görülən işlər olmuşdur. Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva bildirib ki, bu məqsədlə Goranboy rayonu, Goranboy Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyliklərinə səfər təşkil olunmuş, meşə fondunun inkişaf etdirilməsi, ekoloji vəziyyəti, yaşılıqların istifadə olunması barədə araşdırma aparılmışdır: “Yüksək dağlıq ərazilərdə mövcud qədim meşə ərazilərində monitorinq keçirtmək üçün Eko Aləm ictimai birliyi layihənin iş cədvəlinə uyğun olaraq dördüncü tədbirini 25-26 avqust 2023-cü il tarixlərində Goranboy rayonuna səfər etmişdi.
Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə aiddir və rayonun QaraÇinar kəndində yerləşir. 10 saylı RETSİ Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarını əhatə edir.
Səhərin erkən saatlarında QaraÇinar kəndinə gəlib çıxdıq. Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşələri üzrə Meşəbəyi Novruzov Suleyman Ələkbər oğlu artıq iş başında idi və ərazilərə getməyə tələsirdi. Süleyman Meşəbəyi bizi qəbul etdi və maraqlandıran suallarımızı cavablandırdı. Əsas araşdırma istiqamətimiz meşə qırılmaları və onların əvəzinə salınan yeni meşəliklər, meşələrin yanğından, xəstəliklərdən mühafizəsi istiqamətində idi. O, bildirdi ki, Goranboy rayonu ərazisində onun xidmətində 8 dolay var və bu dolayların 5-də əhaliyə xidmət etmək üçün qırma məntəqəsi vardır. 3794,1 ha əraziydə qırma sahəsi 421 kub təşkil edir. Meşə ərazisində əsasən səhiyyə məqsədli qırma aparılır ki, xəstə, quruyan, qırılan, inkişafdan qalmış yaşlı ağaclar oduncaq tədarükü üçün ayrılır. Süleyman Meşəbəyi dedi ki, dolayların hər birində ətraf mühitə nəzarət etmək üçün gözətçilər də xidmət edir. Sonra o, qirilan və zədələnən meşə ərazilərinin əvəzinə yeni salınan meşə əraziləri barədə də məlumat verdi. Yay ayı olduğundan və havaların olduqca isti keçməsi nəticəsində ərazidə hər an baş verə biləcək yanğın təhlükəsinin qarşısının alınması üçün gördükləri tədbirlər barədə də geniş məlumat verdi.
Sonra bizə digər Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşələrin xidməti ərazisi üzrə Meşəbəyi Hümbətov Urfan da qatıldı. Urfan Meşəbəyi də öz işləri barədə bizi maraqlandıran sualları cavablandırdı. O, bildirdi ki, onun xidməti ərazisi 8083 ha olan 7 dolaydan ibarətdir və bu dolaylarda 7 nəfər gözətçi ətraf mühitin mühafizə edir. Urfan Meşəbəyi də görülən təhlükəsizlik və mühafizə tədbirləri barədə geniş məlumatlar verdi.
Meşə ərazilərinə vizual baxış keçirtməyə hazırlaşan zaman Goranboy rayonu Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşəbəyliyinə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininrəis müavini Baxşəliyev Vəlyəddin Bəhram oğlu gəldi. Tanışlıqdan sonra bizi öz xidməti maşınında vizual monitorinq keçirtmək üçün dağlara meşə ərazilərinə apardı. Yol boyu Vəlyəddin müəllim gördükləri işlər barədə həvəslə geniş məlumatlar verir özünün meşəsalma sahəsində olan təcrübəsindən danışırdı. Dəniz səviyyəsindən 1650 m yüksəklikdə 4 saylı meşə dolayında Yeni salınmış və artıq inkişafının meşə səviyyəsinə çatmaqda olan ekoloji durumu sağlam, qiymətli göyrüş ağaclarından ibarət, meşəçilərin dili ilə desək çətiri örtülmək səviyyəsinə çatan gənc meşə ərazisi bizi valeh etdi. Adi göyrüş ağacı Azərbaycanın bölgərində uğurla becərilir. İşıqsevən, quraqlığa və soyuğa davamlı ağacdır. Adi göyrüş qaz və toza qarşı davamlılıq göstərir bu səbəbdən ətraf mühit nəzərindən faydalı ağacdır. Yay mövsümündə yeni göyrüş yarpaqlarının səthində digər ağaclardan 3 dəfə çox toz hissəcikləri saxlayır. Bitkilərin yarpaqlarında toz yığılaraq havanın rütubətinin artmasına kömək edir, bununla da müəyyən bir mikroiqlim yaradır və səs-küyü intensiv şəkildə azaldır. Ağacın yarpaqları havadan xeyli miqdarda kükürd dioksidi, xlor birləşmələrini udur, ekologiyanı və ətraf mühiti zərərli təsirlərdən qoruyur. Adi göyrüşün oduncağı sərt, ağır olduğuna görə kənd təsərrüfatında, avtomobil istehsalı, mebel, dülgərlik sənayesində geniş istifadə edilir. Bitkinin kökündən xinin əvəzedicisi, aşılayıcı qara, qəhvəyi və mavi boyaların hazırlanması üçün bir vasitə kimi də istifadə olunur. Toxumu B,C, yarpaqlar isə vitamin C ilə zəngindir. Adi göyrüş meşə sənayesində qoruyucu meşə zolaqlarının salınmasında əsas bir növdür. Şəhərlərin yaşıllaşdırılmasında, bağ və parkların, xiyabanların salınmasında geniş istifadə edilir. Adi göyrüş bitkisinin dekorativlik xüsusiyyətlərini və müalicəvi əhəmiyyətini nəzərə alaraq, bu növün geniş əkin şəraitində becərilməsini məqsədəuyğun sayılır. Adi göyrüş büzücü, qızdırmasalıcı və yara sağaldıcı xüsusiyyətlərə malikdir. Bu səbəbdən bu meşələr əvəzsizdir.
Sonra Vəlyəddin müəllim meşələrin baş verə biləcək yanğından mühafizə etmək üçün mövcud qədim meşələrin önündən traktorlar vasitəsi ilə açılan 40 km uzunluqda şırımları bizə göstərdi. Nəzərə alsaq ki, meşələrin ətrafında yerli bələdiyyə torpaqları və fərdi əkin sahələri mövcuddur və bizim fermerlərin, əkin sahəsini biçdikdən sonra yandırmaq kimi düşüncəyə sahibdirlər ki, bu da meşə üçün ciddi yanğın təhlükəsi hesab edilir. Bu da əsasən torpaq bölgüsünün düzgün aparılmaması ucbatındandır. Meşənin ətrafı biçilmiş əkin sahələri idi. Vəlyəddin müəllim dediyinə görə torpaq bölgüsü zamanı, meşə əkini üçün əlverişlı sahələr əkin sahəsi kimi istifadəyə bələdiyyələrə verilmiş, meşə əkininə yararsız torpaqlar isə meşə əkini üçün ayrılmışdır. O bildirdi ki, nazirlik bu məsələnin həlli barədə torpaq ərazilərinin dəyişdirilməsi haqqında aidiyyatı orqanlarla danışıqlar aparır. Biz də bu məsələlərin tezliklə öz həllini tapacağına inanırıq”.
Sevil Yüzbaşeva deyib ki, meşə ərazilərində hər yerdə oddan qorunmaq, meşələrin mühafizəsi, təmizliyi üçün nişanlar da mövcud idi: “Meşələrə ən böyük ziyanı isə əhalinin örüş yeri olmadığı üçün hər yerdə otarılan mal qara vurur. Vəliyəddin müəllim meşə ərazisinə heyvanların keçməməsinin qarşısını almaq üçün dəmir çəpərlərin çəkilməsi kimi fəaliyyətlərin aparıldığı barədə çəkilişləri də bizə təqdim etdi. Sonra o bizi Göybulaq deyilən meşə sahəsinə apardı. Bu ərazidə istirahət edən insanlar, ailələr də da var idi. Hər tərəfdə təmizlik hökm sürürdü. Ümumiyyətlə gəzdiyimiz bütün ərazilərdə demək olar ki, başqa bölgələrdə gördüyümüzdən fərqli olaraq heç yerdə məişət tullantısı yox idi. Vəliyəddin müəllim sözlərinə görə rayon ərazisində hər şənbə və bazar rəhbərliyin səyi ilə iməcliklər keçirilir və istirahətə gələnlərin ərazilərdə buraxdığı tullantılar təmizlənir. Bu da olduqca nümunəvi bir haldır.
Meşə hava deməkdir, meşə su deməkdir. Meşə olmazsa həyat olmaz. Təbiəti mühafizə etmək kimi yəqin indiki dövrdə müqəddəs iş yoxdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yeni Ağcakənd meşəbəyliyində bu fədakar insanların gördüyü işlər bizi valeh etdi. Onların qarşısında baş əyir onlara uğurlar diləyirik. Tədbir zamanı foto-video çəkilişlər də aparıldı”.