“Laçın Şəhəri Günü” bayram tədbiri
Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına həyat qayıdır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bir il bundan əvvəl Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməllərini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yüzə yaxın ailə Laçına qayıdıb, öz evlərində yaşayırlar.
26 avqustda Laçın şəhərində – Həkəri çayının sahilində ilk dəfə “Laçın Şəhəri Günü” bayram tədbiri keçirildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bayram tədbirində çıxış etdi, laçınlıları, bütövlükdə xalqımızı təbrik etdi. Şəhidlərimizin dərin ehtiramla yad edildiyi, qazilərimizin, şanlı Ordumuzun qəhrəmanlığının bir daha və məhəbbətlə vurğuladı.
Cənab Prezidentin tədbirdə söylədiyi nitq insanların qəlbində fərəh, ümid dolu anların yaşanmasına səbəb olub. Bu torpaqları azad edən, bu torpaqlara yeni həyat bəxş edən ölkə başçısı deyib:” İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.”
Əlbəttə, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Və Laçının qurtuluşu da anti-Azərbaycan qüvvələrin Qarabağla əlaqədar çirkin planlarının suya düşürülməsi, sıfırlanması anlamını daşıyır. 44 günlük müharibədə Laçının xeyli kəndlərini azad edən şanlı Ordumuz, nəhayət Şuşada bayraq qaldırmaqla düşmənin belini qırdı! Bəlli olduğu kimi bundan sonra Ermənistan öz üzərində öhdəliklər götürdü və 1 dekabradək Laçın ərazilərini qismən boşaltdı; qismən deməyimizsə onunla bağlıdır ki, Laçın şəhəri, Zabux və Sus kəndləri keçmiş “Laçın dəhlizi” boyunca yerləşdiyi üçün orada qanunsuz məskunlaşdırılmış ermənilər daha bir müddət köçürülmədi. Azərbaycan dövləti 44 günlük müharibədəki iradəsini bu dəfə yoltikintisində və diplomatik cəbhədə nümayiş etdirdi və mümkün sayılmayan işi mümkün qılıb, alternativ yolun tikintisini başa çatdırdı. Ermənilərin və havadarlarının bəhanəsi tükəndi və yeni bəhanələr arayışı qarşılığında isə Dəmir Yumruğun yerində olduğunu xatırlatmaq bəs etdi. Beləliklə 26 avqustda Laçın şəhəri, Zabux və Sus kəndlərində də bayrağımız qaldırıldı. Laçına əbədi qayıtdıq. Qayıtdıq ki, quraq-yaradaq, torpağın əsl yiyələri ilə yadellilərin arasındakı kəskin fərqi bir daha dünyaya göstərək! Bəli, son 1 ildə (ilin bir neçə ayı) içində qurucu, yaradıcı Azərbaycan Laçını laçın şəhərə çevirdi!
26 avqust Laçın Şəhəri Günü böyük coşğu, qürur və yeni üfüqlərə qanadlanmalarla bayram edildi. Müzəffər Ali Baş Komandan 50 illik yubileyini Ağcabədidə – Taxtakörpüdə məskunlaşmış laçınlılarla keçirdiyini və onlara verdiyi sözü xatırlatdı. Duyğulu anlardı! Bəli, bir daha təsdiq olundu ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”!
“Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq!”
Dünən yalnız laçınlılar deyil, ayrı-ayrı bölgələrimizi, vətəndaş cəmiyyəti institutlarımızı, dövlət orqanlarımızı və yaradıcılıq qurumlarımızı, eləcə də ölkəmizdəki diplomatik korpusu təmsil edən insanlar Laçın Şəhəri Bayramında idi. Bəli, “Kədər bölüşdükcə azalır, sevinc bölüşdükcə çoxalır”. Laçının sevincimizdən sevinə bilən hər kəsə pay düşdü; kədərli tariximizi isə bir daha təkrar olunmaması üçün unutmuruq.
Dövlət başçısı bayram çıxışında dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır!”
Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir!
Aybəniz Əliyeva,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü