Siyası Online Qəzet

Ana dili xalqımızın ən böyük sərvətidir

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Heydər ƏLİYEV

Hər bir xalqın milli kimliyi onun sahib olduğu dili ilə öz təsdiqini tapır. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Bu simvol olmadan dünya xalqları arasında öz yerini tapmaq, öz sözünü demək, öz milli kimliyini qəbul etdirmək mümkün olmazdı. Tarixən o xalqlar öz varlığını qoruyub saxlaya biliblər ki, onlar ilk növbədə, əcdadlarının yaratdıqları qədim dillərini bütün yad təsirlərdən qoruyub, yaşadıb, başlıcası onu inkişaf etdirə biliblər.

Azərbaycan dili də məhz belə dillərdəndir: qədim kökləri var, sistemli inkişaf mərhələsi keçib, əski zamanlardan klassik ədəbiyyatın dilinə çevrilə bilib, orada öz mövcudluğunu qoruyub saxlayıb, müxtəlif nəsillərin yaddaşına ötürülərək yaşayıb və yeni-yeni sözlər hesabına zənginləşib. Zaman-zaman dilə keçən kənar sözlərdən təmizlənib, xalqın yaratdığı öz sözləri ilə gözəl, saf, maraqlı bir dil nümunəsi ortaya qoyulub.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.

Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır.
Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin məşhur “Leyli və Məcnun” poeması, M.Axundovun komediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə – Azərbaycan dilində yaranmışdır. Fəlsəfi-siyasi əsərlər də bu dildə çox gözəl səslənir.

Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzəri-diqqətini özünə cəlb etmişdir.

Böyük rus şairi M.Y.Lermantov Azərbaycan dili haqqında demişdir: “…mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum… azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bil dildir”.

Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir. Bu dil həmin yarımqrup daxilində xüsusi mövqeyə malikdir.

Azərbaycan dili türk dilləri qrupundakı müasir dillərdən türkmən, qaqauz, krım tatarlarının dili və türk (osmanlı) dillərinə daha çox yaxındır.

Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi kimi çox qədimdir. Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətlərində yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol və başqaları basqın etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix meydanından çıxarmaq idi.

Lakin Azərbaycan xalqı bütün tarix boyu bu mənfur işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, doğma dilini də mühafizə edib saxlamışdır. Yadellilərin təqibinə baxmayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sənətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar.

… Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında söyləyib:

“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.”

Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə – bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir.

1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.

Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.

Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları, 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Səlim

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “50 milyondan çox insanı birləşdirən atribut – AZƏRBAYCAN DİLİ”
layihəsi çərçivəsində hazırlanıb