Siyası Online Qəzet

Güney azərbaycanlıların ictimai-mədəni hüquqları ilə bağlı konfrans keçirildi

Avqustun 11-də “Beynəlxalq hüquqi maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Güney Azərbaycanda ictimai-mədəni fikrin intibahında türk kimliyi faktoru – beyin axını və müasir dövrün riskləri” adlı konfrans keçirildi. Konfrans QHT təmsilçilərinin, media nümayəndələrinin, müəllimlərin, tələbələrin iştirakı və aktiv müzakirəsi ilə yadda qaldı.

Öncə  teleaparıcı, Beynəlxalq hüquqi maarifləndirmə və tədqiqatlar” ictimai birliyinin idarə heyətinin üzvü Aytən Rəhimli mövzu barədə qısa danışaraq, sözü Güney Azərbaycan Demokratik Türk Birliyinin sədri Əjdər Tağızadəyə verdi. Ə. Tağızadə Azərbaycanın güneyində yaşayan çoxmilyonlu soydaşımızın təhsil, elm problemlərindən danışaraq bildirdi ki, onlar xarici ölkələrə köçürlər, bununla da bir növ güney azərbaycanlıları öz vətənlərindən ayrı düşürlər. O, xarici ölkələrə beyin axınının sürətlənməsindən də danışdı.  GADTB sədri bu məsələdə Azərbaycan mediasının, ictimaiyyət nümayəndələrinin aktiv olmasının, problemi gündəmdə saxlamasının güneyli soydaşlarımızın diqqətdə qalmaları baxımından vacib olduğunu qeyd etdi.

BDU-nun beynəlxalq hüquq kafedrasının professoru Əfsər Sadıqov bildirdi ki, güney azərbaycanlıların hüquqlarının qorunması beynəlxalq hüquqda da öz təsbitini tapıb. Güney türklərinin təhsil, tədris, elmi-mədəni hüquqlarının tanınmasına nail olmaq, onların dil hüquqlarının müdafiəsi, xarici ölkələrdə təşəkkül tapan Güney Azərbaycan mərkəzli təşkilatlarla iş birliyinin qurulması prioritetlərdən biridir. Bu istiqamətdə hazırda dövlətimiz də mühüm işlər görür. Rəsmi səviyyədə soydaşlarımızın haqqları müdafiə olunur.

BDU Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Rahim Məmmədov bildirdi ki, müstəqilliyimizin bərpasına qədər olan tarixi nəzərdə keçirsək, o zaman beynəlxalq hüquq ixtisası üzrə mütəxəssimizin olmadığını görərik. Keçmiş SSRİ rəhbərliyi heç zaman imkan verməyib ki, Azərbaycan kimi geostrateji mövqedə yerləşən ölkənin beynəlxalq hüququ dərindən bilən mütəxəssisi yetişsin, öz xalqının siyasi-hüquqi məsələlərini beynəlxalq arenaya çıxarsın. Bu gün Avropada, ABŞ-da kifayət qədər güneyli soydaşlarımız yaşayır. Lakin şəxsi araşdırmadan sonra məlum oldu ki, beynəlxalq hüquq müstəvisindən, demək olar, kənar fəaliyyət göstərirlər. Yəni bu gün güneyli soydaşlarımız arasından beynəlxalq hüquqları bilən şəxslərin çıxması ümumi işimizin xeyrinədir. Bu gün dünyada hüquqsuzluq problemi var. Fransız hüquqşünasları hesab edirlər ki, hüquq siyasətin şahıdır. Həqiqətən də beynəlxalq güclər var ki, “Parçala, hökm sür!” şüarı ilə hərəkət edirlər. Ona görə də, soydaşlarımız hansı addımları atmalıdırlar ki, onların hərəkətləri beynəlxalq hüquqla da dəstəklənsin.

Daha sonra “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru  Jalə Cəfərova Güney Azərbaycan mədəniyyətindən, ictimai fikir tarixi barədə məlumat verdi. J. Cəfərova güney Azərbaycanın fəxri alimlərindən olan Cavad Heyyət barədə danışaraq onun güneylilərin elmə, təhsilə yiyələnməsində böyük xidmətlərinə toxundu, belə böyük tərcümeyi-hala sahib olan alimlərimizi tanıtmağın vacibliyini vurğuladı.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai güneyli qadınların arasında beynəlxalq arenada fəallığı ilə seçilən yüksək təhsil almış isimlərin olduğunu qeyd etdi. O bildirdi ki, bu gün güney Azərbaycan qadınları oxumaq, təhsil almaq, elm öyrənmək məsələsində çox fəal və iddialıdırlar. Əlbəttə, bu xoş mənzərədir. Orada qadınların hüquq və müdafiəsi aktuallığını qoruyur:  “Güneyli qadın fəalları ilə əlaqələr qurmalı, onları müsbət mənada əməkdalığa cəlb etməliyik”.–deyə S. Fədai əlavə etdi.

Tük Dünyası Ağsaqqallar Birliyinin gənclər təşkilatının sədri Elgün Rüstəmli isə Güney Azərbaycan gəncləri ilə əlaqələrin inkişafına toxunaraq, onların istedadlarının üzə çıxarılmasında qarşılıqlı əməkdaşlığın, iş birliyinin vacib olduğunu vurğuladı.

Sonra konfrans maraqlı müzakirələrlə davam etdi.

Anar ƏLİ,
“Xalq qəzeti”