“Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirilib
İyulun 30-da Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Xızı şəhərində, Cəfər Cabbarlının ev muzeyində “Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirildi. Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır. Tədbirdə ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, QHT sədrləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ı, Azərbaycan Milli Konservatoriyasının, Dövlət İdarəçilik Akademiyasının əməkdaşlar, Xəzər Univeraiteti “Dünya Məktəbi”nin, A.Zeynallı adına Musiqi Kollecinin müəllim və tələbələri, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal MKS-nin 3 saylı filialının əməkdaşları, muzey işçiləri və KİV nümayəndələri iştirak etdilər. Proqrama uyğun olaraq əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olundu, C.Cabbarlı Parkında böyük dramaturqun abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anıldı.
Tədbir C.Cabbarlının ev muzeyində davam etdi. İB sədri Qəmər Bağırova qonaqları salamlayaraq tədbir iştirakçılarına layihə haqqında məlumat verdi və tədbiri açıq elan etdi. Sonra layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə, eləcə də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular. Cəfər Cabbarlı yaradıcılığının böyük tədqiqatçısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dövlət İdarəçilik Akademiyası Dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarova, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Metodika, təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova öz çıxışlarında görkəmli dramaturqun zəngin bədii irsi və yaradııcılığı ilə bağlı həyata keçirdikləri yeni elmi- tədqiqat işlərindən, müxtəlif kitabxanaların elektron bazalarında C.Cabbarlı əsərlərinin yeni versiyalarının hazırlanaraq oxuculara təqdimatlarından söz açdılar, ədibin tərcüməçilik fəaliyyəti ilə bağlı qonaqlara maraqlı məlumatlar verdilər. Tədbir ədəbi-bədii proqramla davam etdirildi. C.Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər. Bədii qiraətçilər Zülfiyyə Eldarqızı və Rəsmiyyə Heybətağa qızının ifasında yazıçının poeziya nümunələri səsləndirildi, gənc istedadlar- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı M.Həsənxanlı və A.Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsi İ.Məmmədova dramaturqun pyeslərindən parçalar təqdim etdilər. Tədbirdə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştirakına görə C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin əməkdaşı, muzeyin Fonoteka şöbəsinin müdiri Yaqutxanım Qurbanova, Xəzər Universiteti “Dünya Məktəbi”nin İctimaiyyətlə ƏIaqələr və Media şöbəsinin koordinatoru Afaq Qəmbərova, Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının dosenti Fərqanə Zülfüqarova, həmin Akademiyanın əməkdaşı Murad Həsənxanlı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı və Asəf Zeynallı adına Musiqi Kollecinin II kurs tələbəsu İradə Məmmədova “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İB-nin “Diplom”ları ilə mükafatlandırıldılar. Tədbirin sonunda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı. Tədbir çay süfrəsi ilə yekunlaşdı.