Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərovun doğum gündür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsgəndərov Əlabbas Qara oğlunun AD GÜNÜDÜR.
O, 1958-ci il iyulun 25-də Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. Cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. Orta məktəbi doğulduğu kənddə bitirmişdi. Yaşıdları arasında böyük hörməti var idi. Əlabbas 18 yaşının tamamında ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər. Torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstəsi yaradılanda ona ilk yazılanlardan biri də Əlabbas olur. Dəstənin ən igid, ən qorxmaz kəşfiyyatçılarından hesab olunurdu. O, ən çətin tapşırıqları məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi. 1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Məhz Əlabbasın qəhrəmanlığı sayəsində həmin döyüşçülər gizli yollarla on gündən sonra hərbi hissəyə qayıda bildilər.1992-ci il martın 4-də (33 yaşında) Əlabbas İsgəndərovun son döyüşü oldu. Qazançı kəndi uğrunda döyüşlərdə mahir kəşfiyyatçı quldur yuvasına ilk od vuranlardan biri oldu. Ancaq bu döyüşdə o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.
VETENQEHREMANLARİ.AZ saytının Yevlax rayon rəhbəri Mədəd Süleymanov