Deputat – Tovuz döyüşləri psixoloji qələbə idi
İşğalçı Ermənistan Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu görüb qorxuya düşdü
2020-ci iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisi boyunca başlayan və xalqı birliyə, döyüşə cəsarətləndirən Tovuz döyüşlərindən üç il ötür. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərimizi artilleriya atəşinə tutmasıyla başlayan döyüşlər bir neçə gün davam edib. Azərbaycan Ordusunun əks-həmlə tədbirləri nəticəsində Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Tovuz döyüşləri göstərdi ki, Azərbaycan Ordusu yenidən formalaşıb, yüksəkrütbəli zabitlər də öz əsgərləri ilə birlikdə səngərdə, ön cəbhədə olur. Bu döyüşlərdə ordumuzun 12 hərbi qulluqçusu və bir mülki şəxs qəhrəmancasına şəhid oldu.
Hərb tariximizin şanlı səhifələrindən hesab olunan Tovuz döyüşləri, həmçinin Vətən müharibəsinin başlanmasında da mühüm əhəmiyyət kəsb edib.
Kanal 20 TV-nin məlumatıa görə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Tovuz döyüşləri Ermənistanın təxribatlarına verdiyimiz ən tutarlı cavablardan biri olub. Tovuz döyüşləri həm də göstərdi ki, Ermənistanın təxribatlarının qarşısı tamamilə alınmalıdır. Çünki ermənilər dövlət sərhədi boyunca ardıcıl təxribatlar törədirdi. Yeni ərazilər işğal etmək istəyində olan təcavüzkar Ermənistan özünü tam cəzasızlıq şəraitində hiss edirdi.
“Ona görə də Tovuz döyüşləri bir neçə məqam baxımından çox əhəmiyyətli idi. Birincisi, bu, Azərbaycan Ordusunun olduqca inamlı qələbələrindən biridir. İkincisi, dövlətimiz Ermənistanın təxribatlarının özünə baha başa gəldiyini göstərdi. Bu döyüşlərdə işğalçı Ermənistan ordusunun 120-dən artıq əsgəri məhv edildi. Bundan sonra Ermənistanda hakimiyyətlə cəmiyyət arasında gərginlik başladı”, – deyə deputat əlavə edib.
Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyətinin itkilərin sayını cəmiyyətdən gizlətdiyini deyən E.Mirbəşiroğlu qeyd edib ki, Tovuz döyüşlərindən sonra da eyni davranış sərgilənib. Tovuz döyüşlərinin ardınca torpaqlarımızın işğaldan azad olunması əməliyyatları üçün bir ruh yüksəlişi, olduqca təsirli mənəvi, psixoloji elementlər meydana gəldi. Bu döyüşlər həm də Azərbaycan xalqı ilə hakimiyyət arasındakı münasibətlərin xarakterini – birliyi, həmrəyliyi, vəhdəti göstərdi. Ermənistan cəmiyyəti ilə hakimiyyət arasında isə dərin fikir ayrılığı, inamsızlıq mövcud idi. Azərbaycan vətəndaşları Tovuz döyüşlərindən dərhal sonra silaha sarılaraq torpaqların tam işğaldan azad olunması istəyini, döyüşə getməyə hazır olduqlarını nümayiş etdirdilər.
Deputat hesab edir ki, Tovuz döyüşləri Azərbaycan vətəndaşlarının təcavüzkar Ermənistan üzərində psixoloji qələbəsi idi: “Bu döyüşlər torpaqlarımızın işğaldan azad olunması istiqamətində olduqca təsirli rol oynadı. Azərbaycan göstərdi ki, Ermənistanın bütün təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Düşmən bu təxribatları törətdiyinə görə özü peşman olacaq. Biz, həqiqətən də, düşməni həm Tovuz döyüşlərində, həm də ondan 2 ay sonra – Vətən müharibəsində peşman etdik”.