Ümummilli Liderin qalibiyyəti
Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”
Azərbaycan xalqı 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etməklə heç də yanılmamışdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Milli Məclisin 24 iyun 1993-cü il tarixli iclasında isə Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ölkəni siyasi-iqtisadi məngənədən çıxarmaq üçün maksimum səy göstərmişdir. Dahi rəhbər çox gözəl bilirdi ki, iqtisadi müstəqilliyi olmayan dövlət rifah əldə edə bilməyəcək. Bunun üçün də Azərbaycanın təbii sərvətlərindən düzgün istifadə etməklə dövlətin iqtisadi inkişafı mümkün idi. Məhz bu baxımdan Ulu Öndər Azərbaycanın dayanaqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən etmiş “Əsrin müqaviləsi”ni imzalanmasına qərar vermişdir. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: ““Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”. Bütün bu nailiyyətlər məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Xarici neft kompaniyaları tam əminliklə Heydər Əliyevə olan dərin inam sayəsində işə başladılar. Xarici sərmayəçilər üçün ən etibarlı və ən böyük təminat məhz Heydər Əliyev şəxsiyyətinə olan inam, etibar və hörmət idi.
Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edib. Belə ki, neft strategiyasının həyta keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildilər. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi. 14 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Başqa sözlə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün imzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq: “Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında “Əsrin müqaviləsi”nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə “Əsrin müqaviləsi” yaradıb”.
Bütün bunlar sübut edir ki, Heydər Əliyevin qalibiyyətli neft strategiyası ölkəmizə böyük iqtisadi səmərə gətirməklə bərabər, həm də Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanın müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, suveren respublikamızın dünya birliyinə daha ahəngdar inteqrasiyası baxımından müstəsna rol oynamışdır. Bu böyük strategiyanın bəhrələri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində hiss olunmaqdadır.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent