Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində israilli bəstəkarla görüş keçirilib
Bakı Musiqi Cəmiyyətinin təşəbbüsü ilə 22 iyun tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İsrail solistləri” kamera orkestrinin musiqi direktoru və baş dirijoru, Hakfar Hayarok Gənclər Simfonik Orkestrinin musiqi rəhbəri və baş dirijoru, hazırda Yerusəlim Simfonik Orkestrinin bəsrəkarı kimi fəaliyyət göstərən Benyamin Yusupovla görüş keçirilmişdir. Görüşdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisası üzrə təhsil alan tələbələri, bəstəkarlar və musiqişünaslar iştirak etmişdir. B.Yusupov görüş zamanı milli musiqiyə köklənmiş əsərlərin yazıılmasında forma yaratmanın, müasir bəstəkarlıq texnikalarından istifadənin əsas xüsusiyyətlərindən danışaraq, bu prosesdə diqqət edilməli əsas məqamlar barədə yaradıcılıq təcrübələrini bölüşmüşdür. Maraqlı müzakirə və fikir mübadiləsi formatında keçən görüş xüsusilə tələbələr üçün yadda qalan oldu. Həmçinin görüşdə iştirak edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-ın ictimai-xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov özünün festival təcrübəsindən danışaraq, xalqların milli musiqisini bu vəsilə ilə dünyada tanıtmağın və mədəni əlaqələrin yaranmasının önəmini vurğuladı.
Görüş zamanı bəstəkar Benjamin Yusupovun “Haqqoni” əsəri dinlənildi. Daha sonra bəstəkar əsərin hekayəsi, ümumi dramaturgiyası barədə məlumat verərək, görüş iştirakçılarının suallarını cavablandırdı. Onun xüsusilə bəstəkarlıq təhsili alan gənclərin suallarını yüksək həssaslıqla və ətraflı şəkildə cavablandırması diqqətdən yayınmadı. Sonda B.Yusupov və R.Nektalov görüşün təşkilində əməyi olan ADMİU-nun rektor müşaviri, bəstəkar Türkər Qasımzadəyə təşəkkürünü bildirdi.
Qeyd edək ki, bəstəkar Benyamin Yusupov və musiqişünas Rafael Nektalov “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizə dəvət olunan qonaqlar arasındadır.