Türk düşmənlərinə qarşı güc amili
Azərbaycan-Türkiyə münasibətləri sıx olmasa, düşmənlərimiz bizə daha çox zərbə vura bilər
Bu gün Azərbaycan və Türkiyə yalnız etnik, mədəni, mənəvi deyil, həm də siyasi və iqtisadi baxımdan beynəlxaql aləmə nümunə olacaq şəkildə etibarlı müttəfiqdirlər. Hazırda regionu əhatə edən mühüm layihələrdə bu iki dövlət birgə iştirak edir. Eyni zamanda, beynəlxalq müstəvidə əlaqələrin gücləndirilməsi Azərbaycanla Türkiyə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu söyləməyə əsas verir. Əlbəttə, bu əlaqələr birdən-birə yaranmamışdır. Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsi hər iki qardaş xalqın tarixi mənafelərini və siyasi iradəsini ifadə edir. Regionun ictimai-siyasi və iqtisadi həyatında Azərbaycan və Türkiyə aparıcı rol oynayırlar. Həmçinin regionda sülh və təhlükəsizliyə qarşı yönəldilmiş təhdidlərə qarşı iki qardaş dövlət birgə mübarizə aparırlar. Erməni lobbisinin, Ermənistanın havadarlarının, müxtəlif anti-Türkiyə və anti-Azərbaycan dairələrin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvənin sarsıda bilməz. Prezident İlham Əliyevin iyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı öz bəyanatına bu məsələyə də toxunaraq bugünkü dünyada güc amilin ön plana çıxdığını vurğulayıb. “Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu”, – deyə dövlətimizin başçısı əlavə edib. Hazırda həm siyasi, həm də iqtisadi, mədəni, hərbi – bütün sahələrdə Azərbaycanla Türkiyə arasında ən yüksək işbirliyi, anlaşma var. Ölkələrimiz arasında 200-dən çox mühüm sənədlər imzalanıb. Hələ 2010-cu ilin avqustunda Bakıda “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalanıb. Bu sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün möhkəm hüquqi baza yaradıb. Belə ki, müqaviləyə əsasən tərəflər bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edəcək, təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar. Müqavilə tərəflərdən birinin üçüncü dövlət və ya bir qrup dövlətin silahlı basqın və ya hərbi təcavüzünə məruz qalması halında Türkiyə və Azərbaycan bir-birinə qarşılıqlı yardım göstərməsini ehtiva edir. Bu müqavilənin məntiqi davamı olaraq elə həmin il sentyabrında iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. 2021-ci ilin 15 iyununda isə hər iki dövlət başçısının böyük qürur hissi ilə imzaladıqları tarixi Şuşa Bəyannaməsi müttəfiqliyi yeni mərhələyə qaldırıb. İyunun 13-də Prezidentlər öz bəyanatlarında Şuşa Bəyannaməsinin əhəmiyyətini xüsusi qeyd ediblər.
Türkiyə hər zaman Azərbaycanın ağır günlərində yanında olub. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan dövləti və xalqı bu dəstəyi hiss etdi və bir daha qardaş ölkə ilə qürur duydu. Azərbaycan-Türkiyə birliyi təkcə protokol qaydasına görə deyil. Azərbaycan son tikəsinə qədər Türkiyə ilə bölməyə hazırdır. Azərbaycanın ağır günlərində Türkiyə bizim yanımızda olduğu kimi Türkiyənin ağır günlərində də Azərbaycan qardaş ölkənin yanındadır. İstər ötən il Türkiyədə baş verən meşə yanğınlarında, istərsə də bu il qadaş ölkədə baş verən zəlzələ zamanı da Azərbaycan öz dəstəyini əsrigmədi. Təsadüfi deyil ki, hər iki hadisə zamanı Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan idi. Bu haqda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz bəyanatında danışaraq “Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü”, – deyə vurğulayıb. Qardaş ölkələr olmağından başqa, digər məsələlər də bizi birləşdirir. Bizi biləşdirən düşmənlərimizin eyni olmasıdır. Türk düşmənləri heç bir fərq qoymadan bütün türk etnosuna, eləcə də Azərbaycan və Türkiyəyə qarşı düşəmənçilik aparırlar. Amma, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman bildirirlər ki, bunlar mənasız addımlardır. Bu münasibətlərə kölgə salına bilməz. Çünki hər kəs anlayır ki, iki dövlətin sıx münasibətləri olmasa, düşmənlərimiz bizə daha çox zərbə vura bilər.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi