28 May Azərbaycan xalqının tarixi Zəfər Günüdür
1918-ci ildə Azərbaycan xalqı milli şüuru olan uzaqgörən oğullarının mücadiləsi nəticəsində öz müstəqilliyinə qovuşa bildi. 1918-ci il mart soyqırımına qarşı yumruq kimi birləşən xalq Şərqdə ilk dəfə demokratik, hüquqi dövlətin əsasını qoydu. Xalq cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə misilsiz işlər həyata keçirdi. Bu işlərin ən əsas məzmunu ondan ibarətdir ki, Azərbaycan xalqı müstəqilliyin dadını hiss etdi, azad yaşamaq duyğusunu yaşadı. 23 aydan sonra Xalq Cümhuriyyəti süqut etdi. Kommunist – bolşevik hakimiyyəti yenidən ölkəmizi işğal etdi. Gənc, hələ tam möhkəmlənməmiş müstəqil Xalq Cümhuriyyəti belə bir ordunun hücumu qarşısında durmaq imkanında deyildi. O dövrdə Azərbaycan işğal olunsa da, müstəqillik mübarizəsini, azadlıq ideyalarını ürəyimizdən silib ata bilmədilər. 28 May müstəqilliyimizin tarixində ən şərəfli səhifələrdən biridir. Müstəqillik hər xalqa nəsib olmur. Sayı, ərazisi bizdən dəfələrlə çox olan xalqlar var ki, on illərdir ki, müstəqillik uğurunda mübarizə aparırlar, amma nəticə əldə edə bilmirlər. Azərbaycan bu gün dünyanın 200-ə qədər müstəqil dövlətləri sırasındadır. Türkiyədə 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət halında birləşmə, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Azərbaycan üçün isə ən əhəmiyyətli taxir məhz 28 Maydır.
M.Ə.Rəsulzadə yazırdı ki, I cahan savaşı olmasaydı, fevral burjua inqilabı olmazdı, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı.
Bunu davamı olaraq deyə bilərik ki, 28 May olmasaydı, 1991-ci ilin 18 oktyabrı da olmazdı. Və biz Çeçenistan, Tatarıstan, Dağıstan kimi respublikalardan biri olacaqdıq. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik üçün vacib hesab edilən 250 qərar qəbul etdi. Bu qərarları sadalamaq üçün bizə saatlarla vaxt lazımdır. Azərbaycan Xalq Cümhuriyyətini quranlar bu gün Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır, biz onların adlarını daim ehtiramla yad edirik.
Qurucu babalarımızın bizə qoyub getdiyi dövlət, qiymətli miras kimi bu gün göz bəbəbəyimiz kimi qorunur. Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı. Bu gün regionda və dünyada gedən prosesləri gördükdə bir daha məlum olur ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu Öndərin söylədiyi kimi, Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Heydər Əliyevin güclü siyasi iradəsi, əzmi sayəsində, eyni zamanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız müstəqilliyini bir dəfəlik möhkəmləndirə bildi. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq aləmin vacib aktorlarından biridir. 1918-ci ildə öz müstəqilliyinə qovuşmuş Azərbaycan dövləti bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində düşmənin işğal altında saxladığı Qarabağı əsarətdən xilas etdi. 33 ilə yaxındır ki, Respublikamız yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Azərbaycan Respublikası Birinci Respublikanın qaldırdığı üç rəngli bayrağını Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir.
Artıq üç ildir ki, Müstəqillik günü”nü qalib ölkənin vətəndaşları kimi qeyd edirik.Bundan böyük xoşbəxtlik ola bilməz.
Ali Baş Komandanımızın uzaqgörən və cəsarətli siyasəti, şəhidlərimizin qanı hesabına suverenliyini bərpa etdiyimiz Azərbaycan! Müstəqillik günün mübarək!.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı