“Erməni milləti təxribatçı əməllərindən qopa bilmir”
“Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsini iki səbəblə izah etmək olar. Birincisi, bu ümumilikdə erməni toplumunun problemidir. Təbii ki, erməni milləti içində də sağlam düşüncəli insanlar var. Amma ölkədə uzun illər qonşu millətlərə, xüsusilə də türklərə qarşı nifrət ruhunda aparılmış təbliğat erməni millətini təxribatlardan qopara bilmir. Mən artıq Ermənistanın bir-birinə zidd olan fikir və hərəkətlərinə təəccüblənmirəm”. Bu sözləri SİA-ya açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, bu, onların davranış formasına çevrilib: “Dövlətin bir qolunun sülh istiqamətində apardığı fəaliyyət, paralel olaraq digər bir hissəsinin düşmənçilik mövqeyindən çıxışları təəccüb doğurmur.
Digər səbəb isə Ermənistan daxilində siyasi qüvvələrin, ayrı-ayrı zümrələrinin müxtəlif dövlətlərin təsiri altında olması və onların diqtəsi ilə fəaliyyət göstərməsidir. Bugünkü gündə Avropa İttifaqının təşəbbüsü ilə ilə keçirilən görüşdə Ermənistanın Baş Naziri Nikol Paşinyan sülh prosesinin inkişafı, Azərbaycanla əlaqələrinin yaxşılaşdırılması baxımından müsbət bir mesaj verirsə, bir neçə gündən sonra ya Ermənistanın daxili qüvvələrinin təsiri altında, ya da Rusiyanın görüşdən sonrakı təəssüratının ab-havasına qapanaraq ona tamamilə zidd bir mövqe nümayiş etdirir”.
Sədr sözlərinə davam edərək bildirib ki, bugünkü gündə Azərbaycan əhalisinin əksəriyyəti sülh müqaviləsinin bağlanması və regionda təhlükəsizliyin təmin olunması tərəfdarıdır: “Bu istiqamətdə dövlətimizin göstərdiyi fəaliyyəti dəstəkləyirik. Bu yöndə müsbət nəticənin əldə olunacağına inanırıq. Təəssüf ki, Ermənistan tərəfindən bu fikrin təsdiqlənməsi bizim üçün hələ də qaranlıq qalır.
Təbii ki, Fransa ilə erməni lobbisinin birgə fəaliyyəti, eyni zamanda başqa dövlətlərdə olan erməni lobbilərinin bu məsələni öz xeyrinə şişirtməsi, Rusiyanın regionda yavaş-yavaş itməkdə olan nüfuzunu qoruyub saxlamaq və Ermənistanı öz təsir dairəsində saxlamaq istəyi də sülh prosesinə əngəl törədir”.