Siyası Online Qəzet

Argentinada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinə gənc pianoçu Ayan Məmmədlinin musiqi töhfəsi

Bu günlərdə Cənubi Amerikada, Argentinanın paytaxtı Buenos Ayres şəhərində, Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə möhtəşəm tədbirlər keçirilmişdir. May ayının 10-da keçirilən tədbirdə səfir Rəmzi Teymurov müstəqil Azərbaycanın banisi Heydər Əliyevin həyatı və dövlətçilik ənənələrinin formalaşdırılmasında əvəzsiz rolu barədə danışıb. Tədbirin gedişində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub və tədbir iştirakçılarına ispan dilində hazırlanmış və Ümummilli Liderin həyatına həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” (La estrategia del Gran líder Heydar Aliyev para construir un estado nacional y un desarrollo moderno) adlı jurnalı paylanılıb.

İstər 10 may tarixində Argentinanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən, Misir, Malayziya, İsveçrə, Gürcüstan, Cənubi Koreya ölkələrinin Argentinadakı səfirlərinin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər tədbirdə, istərsə də 11 may tarixində Belqrano Buenos Ayres Universitetində təşkil olunmuş möhtəşəm tədbirlərdə geniş solo konsert proqramı ilə çıxış edən, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran-Pri” mükafatçısı, Avstriya Konservatoritasının tələbəsi, gənc pianoçu Ayan Məmmədlinin rəngarəng ifaları onlarla argentinalılar tərəfindən hərarətlə qarşılanmışdır. Ayan Məmmədlinin  konsertdə ifa etdiyi həm milli musiqilərimiz olan “ Bayatı-Şiraz” muğamı, “Şuşanın dağları” xalq mahnısı, bəstəkar Emin Sabitoğlunun “ İncə bellim”, həmçinin, Ulu Öndər Heydər Əliyevin çox sevdiyi xalq mahnısı “Küçələrə su səpmişəm”, bəstəkar Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz”, “Ala göz”, Sevil Əliyevanın “Ana”, Ulu Öndərə həsr olunmuş Müslüm Maqomayevin “Azərbaycan”, Kamalın “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnıları, həm də  klassik bəstəkarlar olan Listin, Şopenin, Ernesto Lecuonanın əsərləri, tanqo rəqsləri və s. musiqi nümunələri tamaşaçıların sonsuz marağına səbəb olmuş və hər kəs tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Ayan Məmmədli həmçinin tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti, milli musiqilərimiz, muğam və xalq mahnılarımızın tarixi, məzmunu haqqında ətraflı məlumatlar da vermişdir. O, argentinalıların “Biz sizin milli musiqilərinizi ilk dəfə dinləsək də, öz musiqilərimizlə sanki bir oxşarlıq gördüyümüz üçün bizə çox doğma gəldi və biz sizin ifalarınızı sevə-sevə dinlədik” fikirlərinə cavab olaraq bildirmişdir ki, “Musiqi həqiqətən də sərhəd tanımır. Azərbaycan xalqı çox istedadlı və mehriban, qonaqpərvər xalqdır. Və bu gözəl milli xüsusiyyətlər də elə bizim musiqilərimizin qayəsini təşkil etdiyi üçün hər kəsə çox doğma gəlir. Ona görə də mən öz milli musiqilərimizi dünya ölkələrində təqdim edib, tanıtmaqdan böyük qürur duyuram!”