Siyası Online Qəzet

Şəhid anası: “Mənim övladım Vətən sevdalısı idi”

Ötən gün Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin və Vetenqehrrmanlari.az saytının ofisində şəhid ailələri, Yazıçılar Birliyinin üzvi Qəni Camalzadə və gənc ictimai fəallarla görüş keçirildi. Tədbir əsnasında 44 günlük Vətən müharibəsi şəhidi polkovnik – leytenant Rəşad Quliyevin anası Mətanət xanım övladının döyüş yoldaşları ilə söhbət etdiyini və Rəşadın necə qəhrəmanlıqlar göstərdiyini dilə gətirdi. Lakin buna baxmayaraq “mənim övladım Vətən sevdalısı idi” deyib qəhərləndi.
Birinci Qarabağ müharibəsinin itgin şəhidi Veysəl Qasımovun həyat yoldaşı Mərziyə xanım Mətanət xanımın göz yaşlarna dözə bilməyərək “bizim övladlarımız, yoldaşlarımız qəhrəmandır” dedi.
Yazıçılar Birliyinin üzvi, 1-ci Qarabağ savaşının qazisi Qəni Camalzadə çıxışında bildirdi ki, Vətən uğrunda şəhid olanların hər biri qəhrəmandır. Bu gün elə şəhidlərimiz var ki, “Vətən qəhrəmanı” adına layiq olsa da, o fəxri adla hələ də təltif olunmayıb. Buna görə də media və TV kanallar belə oğulları araşdırıb işıqlandırmalıdır. Haqqında danışdığımız şəhid polkovnik – leytenant Rəşad Quliyev həmin oğullardandır.
Gənc ictimai fəal Ceyhun Süleymanov sonda çıxış edərək bildirdi ki, Vətən uğrunda canını fəda edən hər bir şəxs daima qəlbimizdə əbədi yaşayacaq və onların bizə miras qoyub getdiyi bu torpaqların üzərində hər an torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan, müstəqil və güclü Azərbaycan Respublikasının oğul və qızlarımız yetişəcək. Bununla yanaşı, şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının daima yanında olub əlimizdən gələn köməyi etməliyik.
Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Nərmin Səfərova