1918-ci il mart soyqırımı – Bakı Qətliamı
1917-ci ilin noyabrından etibarən Bakıda antiazərbaycan Sovet hakimiyyəti qurulmuş, bolşeviklərin lideri V.İ.Lenin tərəfindən müsəlmanlara qarşı qəddarlığı ilə seçilən S.Şaumyan Qafqaza xüsusi səlahiyyətli komissar təyin olunmuşdu.
Bakı Sovet Rusiyası üçün çox önəmli idi, çünki zəngin neft mənbəyi olan Bakıya yiyələnmək bütün Qafqaza nəzarət etmək imkanı yaradırdı. Bakı və ətraf quberniyaları yerli əhalidən təmizləmək istəyən erməni-daşnak və bolşevik dəstələrinə mane olacaq silahlı qüvvələr demək olar ki, yox idi. Bakıda qətliama bəhanə 29 martda yarandı. Lənkəranda həlak olan böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini Evelina gəmisi ilə Bakıya gətirən bir qrup hərbçi yoldaşları, əsgər və zabitlər S.Şaumyanın əmri ilə tərksilah olundu. Əhali buna etiraz edərək küçələrə çıxdı. Bunu bəhanə edən, heç bir sosial dayağı olmayan Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi. Martın 30-u axşam saat 16:40 – dan etibarən başlayan qətliam amansızlıqla bir neçə gün davam etdi. Bu zaman Daşnaksütyun, erməni milli şurası, erməni kilsəsi və Bakıda yaşayan bütün ermənilər Bakı Sovetini müdafiə edərək müsəlmanların soyqırımı prosesinə qoşuldular. Soyqırım zamanı ermənilərin bir şüarı vardı: müsəlmansansa öldürülməlisən, siyasi mənsubiyyət önəmli deyildi. Rəsmi rəqəmlərə inansaq öldürülənlərin sayı 20 minə yaxın idi. Ancaq bu heç də real rəqəmlər deyil, çünki qətlə yetirilənlərin cənazələri yaxınlarına verilmirdi. Şaumyanın göstərişinə əsasən daşnak – bolşevik dəstələri tərəfindən yığılaraq toplu halında Xəzər dənizinə atılırdı ki, bu da soyqırıma məruz qalanların sayının müəyyənləşdirilməsində çətinliklər yaradırdı. Bakıda qətliam zamanı insanlar ağıla gəlməyən işgəncələrə məruz qaldılar: dinc əhali diri-diri neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngülərlə deşilir, uşaqlar divarlara mıxlanır, körpələr susuzluqdan və aclıqdan vəfat edir, qadınlar isə alçaldılaraq əsir götürülürdülər. Bütün bunları edən daşnak ermənilərin məqsədi burada öz dövlətlərini qurmaq idi. Lakin onların istəkləri 1918-ci il mayın 28-də Azərbaycan Milli hökuməti-Xalq Cümhuriyyətinin qurulması nəticəsində reallaşmadı. Yeni qurulmuş milli dövlət mart hadisələrinin hərtərəfli araşdırılması üçün 15 iyul 1918-ci ildə Fövqəladə Komissiya yaradılması haqqında qərar qəbul etdi. Komissiya tərəfindən real faktlara əsaslanan xeyli sayda qiymətli materiallar toplansada, Xalq Cümhuriyyətinin cəmi 23 aylıq dövrü bu işi tamamlamağa imkan vermədi.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbayacanlıların Soyqırımı Günü elan edilmişdir. Soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında Əbədi Məşəl abidə kompleksi ucaldıldı.
Erməni cəlladlarının ötən əsrin əvvəllərində Bakıda mart soyqırımı zamanı tətbiq etdikləri işgəncələri əsrin sonunda 1992 – ci il 26 fevralda Xocalıda etdikləri soyqırımda istifadə etdilər. Lakin ötən əsrin əvvəlində onların Bakını və ətraf əraziləri işğal edib erməni dövləti qurmaq xəyalları puç olduğu kimi, əsrin sonunda da Qarabağ bölgəsini işğal edib dövlət qurmaq planları yenidən puç oldu. Qəhrəman Azərbaycan xalqı, qalib ordumuzun zabit və əsgərləri ölkə prezidenti, müzəffər ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək erməni cəlladlarına layiqli cavabı verdi. Cəmi 44 gün ərzində on illərlə işğal altında olan əzəli və əbədi torpaqlarımız düşməndən təmizləndi.
Ötən əsrin martında olanlar isə hamımız üçün tarixi ibrət dərsi olmalı və bundan lazımi nəticə çıxarılmalıdır. Çünki düşmən çox məkrli və hiyləgərdir. Mart soyqırımı zamanı, bütövlükdə torpaqlarımızın azdlığı, dövlətimizin istiqlalı uğrunda şəhadətə qovuşanlar isə qəlbimizdə əbədi yaşayacaqdır.
Rasim Rzaxanov,
AMK nəzdində Musiqi Kollecinin müəllimi