Siyası Online Qəzet

Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır

8 Noyabr 2020-ci il gününün hər anı əsrlər sonra da milli yadaşımızda xatırlanacaq, qürur dolu tarix kimi nəsillərdən-nəsillərə ötürüləcək. Bəli, Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyəti reallaşdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün xalqımız həmin ərazilərdə Novruz bayramını ürək açıqlığı və könül xoşluğu ilə qeyd edir.
Əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşandı, bayram tonqalları qalandı. Onu da qeyd edək ki, Novruz bayramının işğaldan azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən qürurlu səhifələri sırasına daxil oldu.

18 mart 2023-cü ildə Prezident cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən mühüm əhəmiyyətli mövzulara toxundu. Cənab prezident qeyd etdi ki, “Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir.    Bu, böyük xoşbəxtlikdir”. Dövlət başçımızın vurğuladığı kimi bütün bu xoşbəxtlikləri bizə bəxş edən şəhidlərimizdir. Azərbaycanın mərd, igid oğulları əcdadlarımızdan irsən keçən döyüş ruhunu, vətən eşqini, qalib olmaq əzmini bir daha nümayiş etdirdilər. Azərbaycan əsgərinin qanı və canı bahasına əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi.  Haqq savaşında tarixi ədaləti bərpa edən, xalqımıza böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu borclu və minnətdarıq.

Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsində xalqımız 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, gücünü, iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.

Bu gün azad edilmiş torpaqlarımızda həyatın qaynadığını, quruculuq-bərpa işlərinin davam etdiyini görürük. Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilib, dağıdılıb. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. Dövlət başçımız da çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. Görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Bir sözlə işğaldan azad edilən ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. İnanarıq ki, bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi Qarabağa əbədi xoşbəxtlik gətirəcək. Biz də bu yurdun sakinləri kimi doğma elimizə sevinclə gedəcəyik.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.

Əminliklə deyə bilərik ki, milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən Novruz bayramını gələn il də böyük ruh yüksəkliyi ilə qeyd edəcəyik.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

İlham Qayıbzadə,

Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili