Azərbaycanlıların azad olunmuş ərazilərə qayıdışı bütün dünyaya ədalətin gec-tez qələbə çalacağı mesajıdır– İctimai fəal
Son günlər yerli əhalinin Talış kəndində məskunlaşması, sakinlərin doğma yurd yerlərinə qayıdışı, Azərbaycan Prezidenti İlham Əliyevin Novruz tonqalını Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş növbəti yaşayış məntəqəsində – Talış kəndində alovlandırması və orada xalqa müraciəti istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda həm dostların, həm də düşmənlərin diqqətini cəlb edib. Bu, ictimai fəal, həmçinin müharibə veteranı, Birinci Qarabağ müharibəsində Talış kəndinin birinci dəfə azad olunması uğrunda gedən döyüşlərin iştirakçısı, hələ o dövrlər işğaldan azad olunmuş Talış kəndinə ilk qədəm qoyan döyüşçü, bir azərbaycanlı kimi mənim üçün xüsusilə əlamətdardır və bundan qürur hissi duyuram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Ə.Abbasbəyli bildirib ki, bu proseslər, ilk növbədə, hər bir Azərbaycan vətəndaşını, dünyada yaşayan azərbaycanlıları, bütün Türk dünyasını sevindirir, qürurlandırır. Bu, eyni zamanda, bütün dünyaya ədalətin gec-tez qələbə çalacağı barədə bir mesajdır. Bu isə öz növbəsində bəşəriyyətin bütün vicdanlı insanlarında müsbət emosiyalar yaradır, dünyanın müxtəlif yerlərində işğala, haqsız təzyiqlərə, zülmlərə məruz qalmış xalqlarda inam hissini artırır.
“Vətən müharibəsindəki tarixi Zəfər və bu möhtəşəm tarixi hadisədən sonra regionda baş verən hadisələrdən çox danışmaq, fikir söyləmək, geniş təhlillər aparmaq olar. Amma mən bu hadisə ilə bağlı, sadəcə, bir neçə məqama toxunacağam. Son bir neçə ayda Fransa başda olmaqla, Qərbin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı “canfəşanlığı”, “nəlbəkidə fırtına yaratmaq” cəhdləri, riyakar və qərəzli davranış sərgiləyərək, əslində, regionda dövlətlərarası münasibətləri gərginləşdirməklə süni ajiotaj yaratmaq, müxtəlif formada ölkəmizə təzyiq etmə cəhdləri fonunda Prezident İlham Əliyevin çıxışlarında söylədiyi fikirlər bir daha bütün dünyaya, həmçinin bədxahlara göstərir ki, bu gün qüdrətli, müasir, müstəqil Azərbaycan dövləti var və dövlətimizin tutduğu haqq yolunu uğurla davam etdirir. Bundan əlavə, 30 il ərzində xarabalığa çevrilmiş Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Keçmiş məcburi köçkünlər Qələbədən sonrakı dövrdə tikinti, quruculuq, abadlıq meydanına çevrilmiş ərazilərimizdə məskunlaşacaq, tədricən ata-baba yurdlarına qayıdacaqlar”, – deyə İctimai Birliyin sədri qeyd edib.