Diplomatımız Küveytin dövlət radiosunda jurnalistlərin suallarını cavablandırıb
Azərbaycanın Küveytdəki səfirliyinin yerli kütləvi informasiya vasitələri ilə fəaliyyəti çərçivəsində və ölkəmizin turizm imkanlarının Küveytdə təbliği, dövlətimiz haqqında daha ətraflı və dolğun məlumatların bu ölkənin ictimaiyyətinə çatdırılması məqsədilə “Kuwait Radio” dövlət radiostansiyasının rəhbərliyinin dəvətinə əsasən, səfir Emil Kərimov canlı yayımlanan “İkinci xətt” ictimai proqramının qonağı olub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bu ictimai proqrama dəvətə görə təşəkkürünü bildirən E.Kərimov Azərbaycan ilə Küveyt arasında münasibətlərin dərin tarixi, dini və mədəni köklər üzərində qurulduğunu diqqətə çatdırıb, müasir dövrdə Küveyt Dövləti ilə dostluq və qardaşlıq münasibətlərinin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah ilə 1994-cü il dekabrın 13-də Mərakeş Krallığında keçirdiyi görüş zamanı qoyulduğunu vurğulayıb.
Səfir E.Kərimov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında məlumat verərək, cari ildə Azərbaycanda və ölkə hüdudlarından kənarda, o cümlədən Küveytdə müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Diplomatımız 2023-cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini bildirib, həmçinin dinləyicilərə Azərbaycanın və Qafqazın bu qədim mədəniyyət paytaxtının tarixi, coğrafi mövqeyi və mədəniyyəti, dövlətimiz tərəfindən Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri, orada keçirilən mədəni tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan və Küveyt arasında turizm sahəsində əlaqələrin inkişafının geniş potensialı olduğunu vurğulayan səfir bildirib ki, 2022-ci ildə Küveytdən Azərbaycana turist axını sürətlənib, küveytli turistlərin sayı 22 min nəfərə çatıb. O əlavə edib ki, ölkələrimiz arasında birbaşa müntəzəm aviareyslərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Hazırda Küveytin Cəzirə Hava Yolları və Küveyt Hava Yolları aviaşirkətləri birbaşa uçuşlar həyata keçirir, apreldə isə Azərbaycan Hava Yollarının da iki ölkə arasında birbaşa uçuşları bərpa edəcəyi gözlənilir.
Bununla yanaşı, E.Kərimov canlı efirdə ölkəmizin tarixi, coğrafi mövqeyi, turizm potensialı, gəzməli-görməli yerləri, xalçaçılıq sənəti, musiqisi və zəngin mətbəx mədəniyyətindən danışıb, Küveyt vətəndaşlarına, bu ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi proseduru barədə məlumat verib. O, proqramın aparıcılarının digər suallarını da cavablandırıb.