Siyası Online Qəzet

Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir-FOTO

Yevlaxda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədi ilə tədbir keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə müstəqil müasir Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki,  bütün mənalı ömrünü Vətəninə, xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin izlər buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu məktəbdən dahi Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil,müasir və qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atmasına nail olan Ümummilli Liderimiz Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, məndə varam” kəlamı dahi liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki, müstəqil müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev həm tarixi yardan, həm də tarixi yaşadan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.Tarixi şəxsiyyətlər unudulmur.Nadir tarixi şəxsiyyətlər isə əbədi olaraq yaddaşlara həkk olunur! Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Azərbaycan xalqı Heydər Əliyev dühası ilə daim fəxr edir və əbədi olaraq fəxr edəcəkdir. “Müstəqil Azərbaycan dövləti və dövlətçiliyi Heydər Əliyevin şah əsəridir”– bu, təkcə biz azərbaycanlıların deyil, Heydər Əliyevin qurduğu güclü dövləti tanıyan, onunla hesablaşan əcnəbilərin də dərin etirafıdır. Rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz dahi Heydər Əliyevin ideyaları əsasında ölkəmizin və xalqımızın maraqları naminə çevik və praqmatik siyasət həyata keçirən möhtərəm Prezident, Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin müdrik fəaliyyəti nəticəsində bu gün beynəlxalq səviyyəli imzalar içərisində xalqımızın da imzası vardır və  bu bir daha əyani olaraq sübut edir ki,  dahi Liderin ideyaları bənzərsizdir və gələcək üçün Azərbaycanın işıqlı yol xəritəsini müəyyən etmişdir!

Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən fəaliyyəti sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. Elə bir sahə yox idi ki, bu böyük dühanın nəzər və diqqətindən qaçmış olsun. Bura mental dəyərlərimiz, ana dilimiz, tarixi abidələrimiz, incəsənətimiz, milli-mənəvi irsimiz, təhsilimiz, səhiyyəmiz,sosial, iqtisadi, hüquqi sahə və s daxil idi. İnkişaf etmiş böyük dövlətlərin tarixinə ekskursiya etsək görərik ki, bir millət kimi formalaşmaq, siyasi arenada öz sözünü deyə bilmək, güclü bir dövləti qurub yaratmaq və onu qorumaq üçün onun güclü, siyasi, uzaqgörən, bacarıqlı, məğrur bir lideri olmalıdır. O, lider ki, Ulu öndər kimi millətinə həqiqətən cani-könüldən bağlı olsun, xidmət etsin, qayğı göstərsin və istənilən sahədə dövlətinin milli tərəqqisi işinə fayda versin, cəmiyyətdəki hadisələrə vaxtında və zamanında münasibət bildirməklə özünün əsl liderlik keyfiyyətlərinə malik olduğunu təsdiq etsin. Xalqımız xoşbəxt nəsilin nümayəndəsidir ki,  bizim dahi Heydər Əliyevin layiqli davamçısı olan, onun müdrik ideyalarını yaşadan və ölkəmizi firavan gələcəyə doğru aparan əvəzolunmaz Liderimiz-Müzəffər Sərkərdəmiz vardır. Xalq öz xilaskarını, tarix isə böyük şəxsiyyətini daim yaşadır və yaşadacaqdır.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi iştirakçısı, “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuş, Aran qəsəbə 2N-li tam orta məktəbin Gənclərin çağırışaqədər hazırlıq rəhbəri Yusif Kərimov öz çıxışlarında vurğulayıblar ki, Heydər Əliyevi-Böyük tarixi şəxsiyyəti öyrəndikcə öyrənirik ki, onun şərəfli ömür yolu bir nümunədir.Tariximizin səhifələrinə öz adını qızıl hərflərlə yazan bu böyük siyasət adamı şübhəsiz ki, biz azərbaycanlıların qəlbində sevgi dolu silinməz izlər buraxıb.Biz olduqca şanslı bir nəsilik ki, bizim inkişaf dinamikamız bu irsin layiqli davamçısı olan cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edib. Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu sözdə deyil əməldə sübut edən dövlət başçımız bu gün bütün dünyaya örnək olan dövlət adamı,ən güclü strateqdir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz Ulu öndər Heydər Əliyevin irsinin mövcudluğuna və onun əbədi olduğuna tam şəkildə dəlalət edir. Ona görə də qədirbilən xalqımız Ulu Öndəri daim xatırlayır və  xatirəsini əziz tutur.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.  YAP sıralarına yeni qoşulmuş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.